Qazaxda barama tədarükünə başlanılıb
Son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir. Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə baramaçılığın inkişafı istiqamətində görülən məqsədyönlü işlər bu məqsədə xidmət edir. Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahəyə marağı olan insanlar üçün ən böyük töhfədir. Bu gün həmin Dövlət Proqramının uğurla icra olunması sayəsində respublikamızda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu da ölkədə barama istehsalını ildən-ilə artırır.
Dövlət rəhbərinin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr artıq 5 ildir ki, Qazaxda da uğurla icra olunur. 2016-cı ildən rayonun inkişaf edən sahələrindən olan baramaçılığın keçmiş şöhrətini qaytarmaq üçün bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, böyük işlər görülür və uğurlu nəticələr əldə olunur.
Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülər tərəfindən bu il 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub.
Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq barama tədarükünə başlayıblar. Aslanbəyli, Qaymaqlı, Daş Salahlı, Orta Salahlı, Dəmirçilər, Alpout, Cəfərli kəndlərində barama yetişdirən kümçülər öz zəhmətinin bəhrəsini görürlər.
Bu gün Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində həmin kümçülər tərəfindən 919 kq barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. Mərkəzdə kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş