Son illər
Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına
dövlət dəstəyi daha da gücləndirilib. Ölkəmizdə ixracyönümlü sahə olan
baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması
nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir. Ölkə başçısının "Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci il
tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət
edir.
Sözügedən Sərəncamdan irəli
gələn vəzifələrin icrası sayəsində ənənəvi sahələrdən olan baramaçılığın
inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın hər yerində
olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması
istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır,
yeni tut bağları salınır.
Bu il artıq yeddinci ildir
ki, qazaxlı kümçülər tərəfindən ipəkqurdu bəslənilirdi. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2800 kq yaş
baramanın istehsalı nəzərdə tutulmuşdu ki, qeyd edilən proqnoz artıqlaması ilə
ödənilib. Belə ki, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli,
Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş
Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə 70 qutu ipəkqurdu
toxumunu yetişdirən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə
çalışaraq artıq barama tədarükünü başa çatdırıblar. Cari mövsümdə 2950 kq barama məhsulu tədarük olunub.
Qeyd edək ki, Qazax Dövlət Aqrar İnkişaf
Mərkəzində kümçülərin baramanı "Azəripək” MMC-yə təhvil vermələri üçün hər cür şərait yaradılıb.
GOYEZEN.AZ
Geri qayıt
|