• Təqvim

  • Maraq



Qazaxda bu gündən barama tədarükünə başlanılıb


Son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir. Ölkə başçısının "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci il tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət edir.


Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Bu il artıq yeddinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2800 kq yaş baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 70 qutu ipəkqurdu toxumu paylanılıb.


Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq bu gündən barama tədarükünə başlayıblar.

İyunun 6-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən 1172 kq barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. Mərkəzdə kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.









 

GOYEZEN.AZ



Facebook-da paylaş