Bu il Qazaxda 1200 hektar sahədə kartof əkilməsi nəzərdə tutulub
Hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan, məqsədyönlü tədbirlərdən də aydın şəkildə görmək olar. Aqrar sektorda olan inkişafın təməli isə hələ 2004-cü ildə ölkə başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına söykənir. Məhz 2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli artmışdır. Son illər ölkə prezidenti İlham Əliyev və dövlətimiz tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər öz əkin sahələrini genişləndirməyə çalışır, aqrar sektorda böyük çəkiyə malik olan bu sahənin inkişaf etməsi üçün öz töhfələrini verməyə can atırlar.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan, iş yerləri ilə təminatda böyük pay sahibi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Son 4 ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğının, sahibkarlara, sadə kənd adamlarına olan səmimi münasibətin nəticəsidir ki, Qazaxda əkin sahəsi ildən-ilə genişləndirilir. İstər dövlət başçısının, istərsə də rayon rəhbərliyinin qayğısını hər an hiss edən sahibkarlar, sadə kənd adamları, təsərrüfat sahibləri əkin sahələrini genişləndirməkdə bir an belə tərəddüd etmirlər. Yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atır, yeni layihələr üzərində çalışırlar. Məhz bu qayğının nəticəsidir ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682 hektarda, 2019-cu ildə 21476,3 hektarda əkin aparılıb. 2020-ci ildə isə 21594,3 hektarda əkin işlərinin aparılması nəzərdə tutulub. İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini verir.
İkinci çörək sayılan kartof dəyərli ərzaq məhsulu kimi bitkiçilikdə mühüm yer tutur. Kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluq da Qazaxda ənənəvi sahələrdən hesab olunur. Statistik rəqəmlərin təhlili göstərir ki, son illərdə rayonda kənd təsərrüfatının ən çox inkişaf etmiş sahələrindən biri də kartofçuluqdur.Belə ki, rayonda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda da nümunəvi işlər görülür. Bunu ildən-ilə artan kartof sahələrinin hektarından və əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. İşçi qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə rayonda yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir. Əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10205 ton kartof tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 809,1 hektara çatdırılıb. 376,1 hektar artıq sahədə kartof becərən kəndlilər həmin sahədən 22000 ton məhsul əldə edib. 2018-ci ildə də həm əkin sahəsi, həm də əldə edilən məhsul nəzərə çarpacaq dərəcədə artıb. Sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1118,0 hektara çatdırıblar. Bu da əvvəlki illə müqayisədə 308,9 hektar çoxdur. Vaxtında və uğurla həyata keçirilən işlər nəticəsində qeyd olunan hektardan 30745,0 ton məhsul əldə olunub. İldən-ilə kartof sahələrini genişləndirən qazaxlı sahibkarlar, sadə kəndlilər 2019-cu ildə də kartof sahələrini genişləndiriblər. Belə ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsi 202 hektar artırılaraq 1320,0 hektara çatdırılıb. Həmin əkin sahəsindən isə 40018,0 ton kartof tədarük edilib.
2020-ci ildə isə 1200 hektar sahədə kartof əkilməsi nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, kartof əkininə başlanılıb. Bununla əlaqədar əkinə hazırlıq işləri tam başa çatdırılıb. Belə ki, kartof əkiləcək sahələrdə hələ ötən ilin payızında lazımi dərinlikdə şum qaldırılıb, şumdan əvvəl sahələr üzvi gübrələrlə zənginləşdirilib. Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, bu il də qazaxlı zəhmət adamları kartof əkinini vaxtında başa çatdıracaqlar. Əkində yüksək məhsuldar toxum sortlarından istifadə olunur, əkinçilərə hərtərəfli kömək göstərilir.
Məlumat üçün bildirək ki, bu günə kimi 432,5 hektarda kartof əkilib.
GOYEZEN.AZ
Facebook-da paylaş