• Təqvim

  • Maraq



Daş Salahlı kəndində arxlar beton üzlüyə alınır


Bu gün Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini qeyri-neft sektorunun inkişafı təşkil edir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki, ölkə iqtisadiyyatı, o cümlədən də kənd təsərrüfatı ildən-ilə inkişaf edir. Bu inkişafın təməlində isə 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının qəbul edilməsi dayanır. Məhz həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuş və qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli dərəcədə artmışdır.

Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Bu gün rayonda kənd təsərrüfatı sahəsində olan bu uğuru ildən-ilə artan əkin sahələrinin hektarından da aydın şəkildə görmək olur. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur.

İldən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır.

Son iki il yarımdır ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu sahəni də daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin tapşırığına əsasən hər il rayonda olan suvarma arx və kanalları təmir olunur, kol-kosdan və lildən təmizlənir. Bu istiqamətdə görülən məqsədyönlü işlər də öz bəhrəsini verir.

Ötən ilin noyabr ayından başlayaraq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsinə böyük sürətlə start verilib. Hazırda bütün kəndlər üzrə həyata keçirilən bu ümumrayon işi uğurla davam etdirilir. Bundan əlavə, arxlarda təmizlik işlərinin aparılması ilə yanaşı, beton üzlüyə alınması da günün vacib məsələlərindən biridir. Bu məqsədlə rayonun Daş Salahlı kəndində bələdiyyə tərəfindən arxların beton üzlüyə alınması işlərinə başlanılıb. 400 metr uzunluğunda olan və kəndin arasından keçən arxlarda təmizlik işləri görülüb, hörgü işləri aparılaraq beton tökülüb. 

Hər il Qazaxda arx və kanallarda həyata keçirilən bu ümumrayon işini yüksək qiymətləndirən kənd sakinləri görülən bu işin rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri olduğunu qeyd edirlər. Əkin sahələrinin hektarının ildən-ilə artmasında arx və kanalların təmizlənməsinin böyük rolu olduğunu bildirirlər. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edən sakinlər aparılan təmizlik işlərinin kənd təsərrüfatının inkişaf etdirilməsində öz müsbət nəticəsini verəcəyini vurğulayırlar.

Bütün kəndlərdə kəndlilər və təsərrüfatla məşğul olan insanlar əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə həyata keçirilən bu işlərə, onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq edirlər.






GOYEZEN.AZ



Facebook-da paylaş