• Təqvim

  • Maraq



Arx və kanallarda aparılan təmizlik işləri davam edir


Son 15 ildə Azərbaycanda bütün sahələrlə yanaşı, qeyri-neft sektorunun inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı, xüsusilə də kənd təsərrüfatı yüksələn sürətlə inkişaf edir.

2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair təsdiq edilmiş üç dövlət proqramının uğurla icra olunması Azərbaycanın bütün dünyada iqtisadi cəhətdən güclü bir dövlət kimi tanınmasına böyük təsir göstərir. Məhz 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli dərəcədə artmışdır.

Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Bunu ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş və düzgün siyasətin, vaxtında həyata keçirilən köklü islahatların sayəsində əldə edilən uğurlardan da aydın şəkildə görmək olar.

2018-ci il Qazax rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından olduqca yaddaqalan bir il olmuşdur. Ötən illərə nisbətdə bu il də əkin sahələrinin hektarı artırılmışdır. Bu gün rayonda kənd təsərrüfatı sahəsində olan bu uğuru ildən-ilə artan əkin sahələrinin hektarından da görmək olur. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur.

İldən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır.

Son iki il yarımdır ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. İcra başçısının tapşırığına əsasən hər il rayonda olan suvarma arx və kanalları təmir olunur, kol-kosdan və lildən təmizlənir. Bu istiqamətdə görülən məqsədyönlü işlər də öz bəhrəsini verir.

Bu məqsədlə 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə isə 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.

Yola saldığımız ilin noyabr ayından başlayaraq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsinə böyük sürətlə start verilib. Hazırda bütün kəndlər üzrə həyata keçirilən bu ümumrayon işi uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 170,36 km-i təmizlənib ki, bunun da 108,86 km-i əl əməyi, 61,50 km-i isə texnika vasitəsilə həyata keçirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev rayonun Çaylı-Bala Çaylı, Hüseynbəyli  Canalı  kəndlərində arxlarda aparılan təmizlik işləri ilə yaxından tanış olub.

Çaylı-Bala Çaylı kəndlərində də arxlarda aparılan təmizlik işləri sürətlə davam etdirilir. Kəndlilərin də yaxından iştirak etdiyi bu təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin olunması üçün indidən lazımi hazırlıq işləri görülür. Digər kəndlərdə olduğu kimi, bu kənddə də arxlar alaq otlardan, lildən təmizlənir. 25,10 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 9,40 km-i texnika, 15,70 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 18,57 km təmizlənib ki, bunun 4,32 km-i texnika, 14,25 km-i əl əməyi ilə həyata keçirilib.

Hüseynbəyli kəndində arxlarda aparılan təmizlik işləri ilə tanış olan rayon rəhbərliyinə bildirilib ki, kənddə nəzərdə tutulan 6,10 km məsafədə arxlar alaq otlardan, lildən təmizlənir. 2,40 km-i texnika, 3,70 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə başlanılıb. Bu günə kimi 5,27 km təmizlənib ki, bunun da 1,60 km-i texnika, 3,67 km-i isə əl əməyi ilə aparılıb. 

Canalı kəndində də 10,83 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 4,60 km-i texnika, 6,23 km-i isə əl əməyi ilə təmizlənəcəkdir. Artıq bu günə kimi qeyd olunan məsafədən 8,21 km təmizlənib ki, 3,68 km-i texnika, 4,53 km-i isə əl əməyi vasitəsilə aparılıb.

Hər il Qazaxda arx və kanallarda həyata keçirilən bu ümumrayon işini yüksək qiymətləndirən kənd sakinləri görülən bu işin rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri olduğunu qeyd ediblər. Əkin sahələrinin hektarının ildən-ilə artmasında arx və kanalların təmizlənməsinin böyük rolu olduğunu bildiriblər. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edən sakinlər istər ötən il, istərsə də bu ilin yazında və payızında aparılan təmizlik işlərinin kənd təsərrüfatının inkişaf etdirilməsində öz müsbət nəticəsini verəcəyini vurğulayıblar.

Bütün kəndlərdə kəndlilər və təsərrüfatla məşğul olan insanlar əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə həyata keçirilən bu işlərə, onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.












GOYEZEN.AZ

 



Facebook-da paylaş