• Təqvim

  • Maraq



Əkin sahələrinin genişləndirilməsində arx və kanallarda aparılan təmizlik işlərinin böyük rolu var


Azərbaycanda bütün sahələrlə yanaşı, qeyri-neft sektorunun inkişafı da dövlət siyasətinin prioritet sahələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə bu sahənin artan templə yüksəlməsindən xəbər verir. Respublikamızda kənd təsərrüfatının inkişaf etməsində ölkə başçısı tərəfindən təsdiq edilən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları”nın böyük rolu vardır. Məhz 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli artmışdır.

Bu gün əminliklə deyə bilərik ki, son illər Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Təbii ki, bu, ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş və düzgün siyasətin, vaxtında həyata keçirilən köklü islahatların sayəsində mümkün olmuşdur.

Son iki il yarımdır ki, Qazax rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar uğurla davam etdirilir. Bu gün rayonda kənd təsərrüfatında olan bu uğuru ildən-ilə artan əkin sahələrinin hektarından da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20633 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

İldən-ilə artan əkin sahələrinin genişləndirilməsinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bu sahəni də daim diqqət mərkəzində saxlayır. İcra başçısının tapşırığına əsasən hər il rayonda olan suvarma arx və kanalları təmir olunur, kol-kosdan və lildən təmizlənir. Görülən məqsədyönlü işlərin öz bəhrəsini verməsinin nəticəsidir ki, əkin sahələri genişləndirilir.

Bu məqsədlə 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.

Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 136,54 km-i təmizlənib. Bunun da 85,93 km-i əl əməyi, 50,61 km-i isə texnika vasitəsilə həyata keçirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Dəmirçilər, Daş Salahlı  Yuxarı Salahlı kəndlərində arxlarda aparılan təmizlik işləri ilə yaxından tanış olub.

Dəmirçilər kəndində görülən işlərlə tanış olan rayon rəhbərinə bildirilib ki, kənddə arx və kanalların təmizlənməsində işlər sürətlə davam etdirilir. Qeyd olunub ki,  bu kənd digər kəndlər arasında arxın uzunluğuna görə ən uzun məsafəsi olan kənddir. Belə ki, kənd üzrə 27,10 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 14,00 km-i əl əməyi, 13,10 km-i isə texnika vasitəsilə təmizlənir. Kənddə hələ ki, bu günə kimi 5,85 km arx təmizlənib ki, bunun da 5,55 km-i əl əməyi, 0,30 km-i isə texnika ilə həyata keçirilib. Rayon rəhbərinin nəzərinə çatdırılıb ki, ümumi kənd sakinləri ilə yanaşı, arx və kanallara yaxın məsafədə pay torpaqları yerləşən sakinlər də iştirak edirlər.

Sonra icra başçısı Daş Salahlı kəndində olub, burada görülən işlərlə də maraqlanıb. "Daş Salahlı” SİB-in icraçı direktoru Almara Abdullayeva arxlarda aparılan təmizlik işləri barədə məlumat verərək bildirib ki, ötən il olduğu kimi, bu il də işlərə böyük sürətlə start verilib. Qeyd edib ki, kənd üzrə 17,25 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. 12,80 km-in texnika, 4,45 km-in isə əl əməyi ilə təmizlənəcəyini diqqətə çatdırıb. Texnikanın işləyə bilmədiyi yerlərdə kənd sakinlərinin iştirakı ilə əl əməyinin gücündən istifadə edildiyini bildirib. Qeyd edib ki, bu günə kimi 18,77 km təmizlənib ki, bunun 13,79 km-i texnika, 4,98 km-i əl əməyi ilə təmizlənib.

SİB direktoru istər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işləri nəticəsində həm suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edib. Ümumilikdə, kənd təsərrüfatının su ilə təmin olunması istiqamətində həyata keçirilən bu ümumrayon işinin sadə kəndlilər və təsərrüfatla məşğul olan insanlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Rayon rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu işin rayonda kənd təsərrüfatının inkişafı istiqamətində atılan ən uğurlu addımlardan biri olduğunu bildirərək bütün kənd sakinləri adından minnətdarlığını çatdırıb.

Rayon rəhbəri Yuxarı Salahlı kəndində görülən işlərlə də maraqlanıb. Tanışlıq zamanı qeyd olunub ki, kənd üzrə 26,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 16,10 km-nin texnika, 8,50 km-nin isə əl əməyi ilə təmizləndiyi qeyd olunub. Artıq bu günə kimi qeyd olunan məsafədən 12,04 km təmizlənib ki, 5,21 km-i texnika, 6,83 km-i əl əməyi vasitəsilə aparılıb.

Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət aparıb, onların fikirlərini dinləyib.

Hər il Qazaxda arx və kanallarda həyata keçirilən bu ümumrayon işini yüksək qiymətləndirən kənd sakinləri bildiriblər ki, görülən bu iş rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Çıxış edənlər qeyd ediblər ki, ötən il aparılan təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata keçirilir.

Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edən sakinlər istər ötən il, istərsə də bu ilin yazında aparılan təmizlik işlərinin kənd təsərrüfatının inkişaf etdirilməsində öz müsbət nəticəsini verəcəyini bildiriblər.

Bütün kəndlərdə kəndlilər və təsərrüfatla məşğul olan insanlar payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə həyata keçirilən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. İcra başçısının onlarla görüşməsini, işlərlə yaxından tanış olmasını rayonda kənd təsərrüfatının inkişafına, xüsusilə də sadə kəndlilərə göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər.

Dəmirçilər kəndi







Daş Salahlı kəndi









Yuxarı Salahlı kəndi















GOYEZEN.AZ



Facebook-da paylaş