Bu il Qazaxda 65 hektar sahədə tütün əkini nəzərdə tutulub
Bu gün Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini qeyri-neft sektorunun inkişafı təşkil edir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki, ölkə iqtisadiyyatı, o cümlədən də kənd təsərrüfatı ildən-ilə inkişaf edir. Bu inkişafın təməlində isə 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının qəbul edilməsi dayanır. Məhz həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuş və qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli dərəcədə artmışdır.
Bu gün kənd təsərrüfatının böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən biri də tütünçülük sahəsidir. İşçi qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə ölkədə yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir. Məhz iqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitkisi hesab olunan tütünçülüyün inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi ölkədə bu sahədə böyük hədəflərin müəyyən olunmasına gətirib çıxarmışdır.
Prezident İlham Əliyev tərəfindən imzalanmış 10 avqust 2017-ci il tarixli, 3163 nömrəli Sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımından böyük əhəmiyyət kəsb edir. Respublikamızın bütün bölgələrində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar məqsədyönlü tədbirlərin həyata keçirilməsi isə bunun əyani sübutudur.
Son 3 ildə Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə də böyük önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilmişdir.
Builki mövsümdə isə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Artıq qeyd olunan sahədə şum aparılıb. Tütün şitilləri isə yaxın günlərdə sahələrə köçürüləcək.
GOYEZEN.AZ
Facebook-da paylaş