Bu gün Azərbaycanda
dövlət siyasətinin prioritet istiqamətlərindən birini qeyri-neft sektorunun
inkişafı təşkil edir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki,
ölkə iqtisadiyyatı, o cümlədən də kənd təsərrüfatı ildən-ilə inkişaf
edir. Bu inkişafın təməlində isə 2004-2008, 2009-2013 və 2014-2018-ci
illəri əhatə edən dövlət proqramlarının qəbul edilməsi dayanır. Məhz həmin
dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində
böyük nailiyyətlər əldə olunmuş və qeyri-neft sektorunun inkişafında aqrar
sektorun payı xeyli dərəcədə artmışdır.
Bu gün kənd təsərrüfatının
böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu
istehsal sahələrindən biri də tütünçülük sahəsidir. İşçi
qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə ölkədə yeni iş yerlərinin
açılmasında da böyük əhəmiyyət kəsb edir. Məhz iqtisadi əhəmiyyətinə
görə Azərbaycanın ikinci texniki bitkisi hesab olunan tütünçülüyün inkişafı ilə
əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi ölkədə bu sahədə böyük
hədəflərin müəyyən olunmasına gətirib çıxarmışdır.
Prezident İlham Əliyev
tərəfindən imzalanmış 10 avqust 2017-ci il tarixli, 3163 nömrəli Sərəncama
əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair
2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımından böyük
əhəmiyyət kəsb edir. Respublikamızın bütün bölgələrində tütünçülüyün inkişaf etdirilməsi
ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar məqsədyönlü tədbirlərin
həyata keçirilməsi isə bunun əyani sübutudur.
Son 3 ildə Qazaxda iqtisadi
cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə də böyük
önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri
2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında
həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. 2018-ci ildə isə tütünçülər
əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən
toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil
verilmişdir.
Builki mövsümdə isə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə
tütün əkilməsi nəzərdə tutulur. Artıq qeyd olunan sahədə şum aparılıb. Tütün
şitilləri isə yaxın günlərdə sahələrə köçürüləcək.
GOYEZEN.AZ
Geri qayıt
|