Qazaxda “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda onlayn görüş keçirilib
Mayın 8-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda onlayn görüş keçirilib.
Ümumilikdə 30 nəfərin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, onlayn görüşün məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, Heydər Əliyevi Azərbaycan idman ictimaiyyəti həmişə xüsusi minnətdarlıq və məhəbbət hissi ilə xatırlayacaq. Çünki Azərbaycanın bugünkü idmanının mövcudluğu biləvasitə Ümummilli Liderin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən respublikamızda idmanın maddi-texniki bazasının gücləndirilməsi yolunda çox böyük işlər görmüşdür. Ulu Öndərin fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmana və gəncliyə göstərilən diqqət və qayğının bir nümunəsi oldu.
V.Nəbiyev bildirib ki, Ulu Öndərin layiqli davamçısı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev də idmana, onun inkişafına hər zaman həssaslıqla yanaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il martın 4-də "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında Sərəncam imzalaması idmana xüsusi diqqətin təsdiqidir. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkar səviyyədə hazırlanmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar daim müsbət nəticələr verir, olimpiya və dünya çempionatlarında qazanılan müvəffəqiyyətlər yüksələn xətlə gedir. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir.
Qazax Rayon Gənclər və İdman idarəsinin rəis müavini Sahib Namazov, Bakı Dövlət Universitetinin Qazax filialının dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov, Qazax Olimpiya İdman Kompleksinin baş məşqçisi Azər Əliyev, Kosalar kənd tam orta məktəbin fiziki tərbiyə rəhbəri Rayət Əliyev, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin məşqçi-müəllimi, Əməkdar məşqçi Müşviq Eyyubov mövzu ətrafında geniş çıxış ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş