Qazaxda “Heydər Əliyev - ən böyük azərbaycanlı” başlığı altında onlayn vebinar keçirilib
Mayın 3-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev - ən böyük azərbaycanlı” başlığı altında onlayn vebinar keçirilib.
Ümumilikdə 79 nəfərin iştirak etdiyi vebinarda tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi şəxsiyyəti ehtiramla anıblar.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev vebinarı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. V.Nəbiyev ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu qeyd edib. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyevin dünyada nadir tarixi şəxsiyyətlər sırasında dayandığını vurğulayıb. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdar olduğumuzu dilə gətirib. Hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyevin əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan dövləti qoyduğunu bildirib. Əsasını Ulu Öndərin qoyduğu dövlət siyasətinin dahi şəxsiyyətin layiqli varisi olan ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla icra olunduğunu, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə dayanmadan çalışdığını qeyd edib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədə Ulu Öndərin vaxtilə əsasını qoyduğu güclü ordu quruculuğunun, bu sahədə olan misilsiz xidmətlərinin böyük payı olduğunu bildirib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov çıxış edərək dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyətinin Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunduğunu söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş