• Təqvim

  • Maraq



Qazaxda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş vebinar keçirilib


Yanvarın 19-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Qəhrəmanlıq salnaməsi” başlığı altında vebinar keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev vebinarı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Ümumilikdə 58 nəfərin iştirak etdiyi vebinarda əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vüqar Nəbiyev çıxış edərək bildirib ki, 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu tarixdən 31 il ötsə belə Azərbaycan xalqı qəhrəmanlıq salnaməsi yazan 20 Yanvar şəhidlərini unutmur, əksinə illər keçdikcə daha böyük hörmət və ehtiramla yad edirlər. Natiq çıxışında Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən də bəhs edib. Məhz 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini bildirib. Onun təşəbbüsü ilə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinin dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldığını bir daha diqqətə çatdırıb.

Vebinar iştirakçılarından Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, "Şəhid Kapitan Mühüd Orucov” adına Tədris Mərkəzinin direktoru Gülanə Hüseynova, fəal gənclər Şəhadət Abbasov və Ülvi Zeynalov mövzu ətrafında geniş çıxış ediblər. Çıxış edənlər müasir Azərbaycan tarixinin hüznlü, eyni zamanda, qürur mənbəyi olan 20 Yanvar faciəsinin xalqımız tərəfindən hər zaman böyük ehtiramla yad olunacağını qeyd ediblər. Gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin I kurs tələbəsi Aydan Abuzərli şəhidlərə həsr olunmuş şeir söyləyib.







 

GOYEZEN.AZ



Facebook-da paylaş