Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin könüllüləri Beynəlxalq Könüllülər Günündə təltif olunublar
Hər
il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. BMT Baş
Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq
Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Könüllülük öz iradəsi və sərbəst
seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha
da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX
əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi
ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Sevindirici
haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük
fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın
müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü
gənclərin də payı var. Müasir
müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının
nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki,
dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və
davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında
əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə
cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib.
1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və
BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə
bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və
könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib. XXI əsrin
əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə
ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas
məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman
qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin
maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu
sahədə könüllülük fəaliyyəti mühüm önəm daşımağa başladı. Məhz bu dövrdə -
2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi
Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu
qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Məhz Azərbaycan Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısı,
fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin
etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə son illərdə Azərbaycanın
yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilinə
ümumilikdə on minlərlə könüllü cəlb olunub. Belə tədbirlərin keçirilməsi
nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik,
eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb. Ölkəmizdə könüllülük hərəkatının
inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır.
Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində müxtəlif mötəbər
tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsası,
könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir. Gənclərimizin
potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox
lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da
Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında
Sərəncam imzalayıb. Həmin Sərəncamda könüllülük fəaliyyətinin ölkəmizdə təbliği
istiqamətində görülən işlərlə bağlı qeyd edilib: "Bu fəaliyyətin təşviqi
məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza
təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük
bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş,
ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq,
cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə
çevrilmişdir”. Azərbaycan
könüllüləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və
noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən
müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq
torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar.
Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq
göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli
torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün hər
birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən
rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi,
xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən
torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın
yenidən çiçəklənməsində könüllülərin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin könüllüləri də ölkə
həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı ilə
seçilirlər. Rayonda keçirilən tədbirlərdə yaxından iştirak edir, müstəqil
dövlətimizin və rayonumuzun inkişafı naminə öz töhfələrini verirlər. 5
dekabr - Beynəlxalq Könüllülər Günü Qazaxda da qeyd olunub. Belə ki, bu il ərzində Mərkəz tərəfindən təşkil olunmuş
fəaliyyətlərdə aktiv iştirak etmiş könüllülər Beynəlxalq Könüllülər Günü
münasibətilə təltif ediliblər.
GOYEZEN.AZ
Facebook-da paylaş