• Təqvim

  • Maraq



İcra başçısı könüllü fəaliyyətinə qoşulmaq istəyən gənclərlə görüşüb


Hər kəsə yaxşı məlumdur ki, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Respublika Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci il "Könüllülər ili” elan edilib.

Ötən il olduğu kimi, bu il də Qazax Rayon İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətinə başlayıb. Əsas məqsəd ölkə Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsini olduğu kimi icra etməkdir. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb və bu istiqamətdə işləri davam etdirir. Sevindirici hal isə odur ki, bu istək gənclər tərəfindən də maraqla qarşılanıb. Artıq bir neçə gənc bu fəaliyyətə qoşulmaq istəyini bildirib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov könüllü fəaliyyətinə qoşulmaq istəyən həmin gənclərlə görüşüb, onlarla yaxından tanış olub. Gənclərlə səmimi söhbət edən rayon rəhbəri onların bu fəaliyyətə qoşulmaq istəyini yüksək qiymətləndirib.

İcra başçısı ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq könüllülük fəaliyyətinin həmin qayğının davamı olduğunu qeyd edib. Bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən gənclərə hər cür dəstək göstərilir. Azərbaycan gənclərinin bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər nəticəsində gənclərin böyük əksəriyyəti iş əldə etmək imkanı qazanır.

"Bu könüllü fəaliyyəti də siz gənclərin qarşısında geniş imkanlar açacaq”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə edəcəklərini vurğulayıb. Cəsarətli addımlarını və fəaliyyətə qoşulmaq istəklərini bir daha yüksək dəyərləndirən icra başçısı bu yolda onlara uğurlar arzulayıb.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər də öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Onu da qeyd edək ki, könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulacaq. Qazax Rayon İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə (09:00-13:00 – birinci növbə, 14:00-18:00 – ikinci növbə) könüllülük fəaliyyəti təşkil olunacaq və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşulacaqlar.






GOYEZEN.AZ



Facebook-da paylaş