Gənclər 5 May - "Xalçaçı Günü" ilə bağlı “Azərxalça” ASC-nin Qazax filialında olublar
Xalçaçılıq sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının
məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub.
Bu sənət və hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların
dünyagörüşünü və inancları ilə bağlı simvolları əks etdirib. Məhz bu mənada
xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından
müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə də dövlətimizin diqqət
mərkəzindədir və qayğısı ilə tam əhatə olunub. Azərbaycanda xalçaçılıq sənətini yaşadanlara lazımi
şərait yaradılır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan və Ulu Öndər
Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalçaçılığın
inkişafında da yeni mərhələ başladı. Bu gün isə Ümummilli Liderin siyasətini
uğurla davam etdirən Prezident İlham Əliyev tərəindən də bu sahənin inkişaf
etdirilməsi və əvvəlki şöhrətinin bərpa olunması istiqamətində məqsədyönlü
işlər görülür. Məhz ölkə Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, 28 fevral 2018-ci il tarixli
Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça
sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə atılan uğurlu
addımların bariz nümunəsidir. Respublikamızın bütün bölgələrində olduğu
kimi, Qazax rayonunda da bütün sahələrlə yanaşı, xalçaçılığın inkişafına diqqət
və qayğı göstərilir. Şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilib
istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça müəssisəsi
buna əyani sübutdur. Hər kəsə yaxşı məlumdur ki, artıq beş ildir
ki, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i "Xalçaçı
Günü” kimi qeyd olunur. Bu gün Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər klubu"nun
üzvləri 5 May - "Xalçaçı Günü" ilə bağlı "Azərxalça” ASC-nin Qazax
filialında olublar. Burada gənclərə xalçanın
ərsəyə gəlmə prosesini izləmək, peşəkarların təcrübəsini bölüşmək, eyni zamanda
özlərini xalçaçılıqda sınamaq imkanı yaradılıb. Gənclər milli mənəvi
dəyərimiz hesab olunan xalçaların ərsəyə gəlməsində əməyi olan bütün
xalçaçılarımızın peşə bayramını təbrik edib və gələcək fəaliyyətlərində uğurlar
arzulayıblar. GOYEZEN.AZ
Facebook-da paylaş