Əsas Səhifə > Gənclər > Gənclər 5 May - "Xalçaçı Günü" ilə bağlı “Azərxalça” ASC-nin Qazax filialında olublar

Gənclər 5 May - "Xalçaçı Günü" ilə bağlı “Azərxalça” ASC-nin Qazax filialında olublar


5-05-2021, 22:45


Xalçaçılıq sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Bu sənət və hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşünü və inancları ilə bağlı simvolları əks etdirib. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə də dövlətimizin diqqət mərkəzindədir və qayğısı ilə tam əhatə olunub. Azərbaycanda xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan və Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalçaçılığın inkişafında da yeni mərhələ başladı. Bu gün isə Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəindən də bu sahənin inkişaf etdirilməsi və əvvəlki şöhrətinin bərpa olunması istiqamətində məqsədyönlü işlər görülür. Məhz ölkə Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə atılan uğurlu addımların bariz nümunəsidir.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da bütün sahələrlə yanaşı, xalçaçılığın inkişafına diqqət və qayğı göstərilir. Şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça müəssisəsi buna əyani sübutdur.

Hər kəsə yaxşı məlumdur ki, artıq beş ildir ki, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i "Xalçaçı Günü” kimi qeyd olunur.

Bu gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər klubu"nun üzvləri 5 May - "Xalçaçı Günü" ilə bağlı "Azərxalça” ASC-nin Qazax filialında olublar.

Burada gənclərə xalçanın ərsəyə gəlmə prosesini izləmək, peşəkarların təcrübəsini bölüşmək, eyni zamanda özlərini xalçaçılıqda sınamaq imkanı yaradılıb.  

Gənclər milli mənəvi dəyərimiz hesab olunan xalçaların ərsəyə gəlməsində əməyi olan bütün xalçaçılarımızın peşə bayramını təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.










GOYEZEN.AZ


Geri qayıt