Bu gün xalqın sevilən şairi Nəriman Həsənzadənin doğum günüdür
Nəriman
Həsənzadə! Bu ad hər birimizə doğma və əzizdir. Çünki bütün varlığı ilə mənsub
olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə gecəsini gündüzünə
qataraq yorulmadan yazıb-yaradan qələm adamlarındandı Nəriman Həsənzadə. O,
Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə hər
zaman xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, xalqına
xidməti özünün ömür kredosuna çevirən şair kimi öz yüksək intellekti,
mübarizliyi ilə həmişə öndə olub. Bu gün
müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli
nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 91-ci
ildönümü tamam olur. Xalq şairimiz ötən il özünün 90 illik yubileyini, bu gün
isə 91 yaşını müstəqil, suveren, ən əsası da 44 günlük Vətən müharibəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun
Zəfər çaldığı qalib ölkənin vətəndaşı olaraq qeyd edir. Ölkəmizdə
dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
tərəfindən saz-söz adamlarına, şairlərimizə, yazıçılarımıza verilən qiymət,
dəyər hər zaman yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin 2021-ci il
fevralın 17-də Xalq şairinə 90 illik yubileyi münasibətilə təbrik məktubu
ünvanlanması, həmin gün müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin
inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə
"İstiqlal” ordeni ilə təltif etməsi də bir daha bunun bariz nümunəsidir. Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını,
şairlərimizi daim diqqətdə saxlayan Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb Xalq şairimizi təbrik
etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə
Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. Dəyərli
ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıb. Müstəqil Azərbaycanımızın,
Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona yeni yaradıcılıq uğurları arzulayıb. Xalq
şairi Nəriman Həsənzadə 1931-ci il
fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.
Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954).
İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə Həsən bəy
Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət
Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti
bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna
göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil
olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə
Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi"
kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi
əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi
alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio
Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər
ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri"
qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və
incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir.
1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal
ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin
direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin
birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz
etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda
Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər
kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya
Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında
katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir
(2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi)
müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan
Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi
prezident təqaüdünə layiq görülmüşdür. Bir
sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya
simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə
Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi
nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın Xalq şairi adına layiq
görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində
"Vətənsiz” (Rumıniya, 2009) və "Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları
dərc edilmişdir. "Kayseri
poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə
qayıtmışdır. N.Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur—2009”
diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. "Dostlar
gözləyir məni”, "Qız ürəyi”, "Haradasan”, "Qaraca Çobanın hekayəti”, "Sizdən
ayrılmadım”, ”Könlüm şeir istəyir”, "Yadına düşəcəyəm”, "Nəriman”, ”Niyə
demədiniz”, "Zümrüd quşu”, "Mənim gecəm-gündüzüm”, "Nabat xalanın çörəyi”, "Sən
bağışladın”, "Bir az möhlət istəyirəm ömürdən”, "Fikir eləmə”, "Kimin sualı
var”, "Seçilmiş əsərləri”, "Mənim nigahımı pozdu təbiət”, "Bütün millətlərə”,
"Taleyin töhfəsi”, ”Gəlimli-gedimli dünya”, "Pompeyin yürüşü”, "Azərbaycan
ensiklopediyası", "Poylu beşiyim mənim”, "Nuru Paşa” adlı kitabları işıq
üzü görmüşdür. "Nəriman”,
"Zümrüd quşu”, "Kimin sualı var?”, "Atabəylər”, "Pompeyin Qafqaza yürüşü”,
"Midiya sarayı”, "Bəyanət”, "Həsrət”, "Vətənsiz”, "Heybədə gəzən şeir”, "Şahid
ol, günəş”, "Rəsul Həmzətova məktub”, "Şəhid atası Şərif qağaya məktub”,
"Qafqaz”, "Cavid”, "Qaçaq Kərəm”, "Səfirə”, "Xarı bülbül”, "Azadlıq himni” adlı
poemaların müəllifidir. "Nabat xalanın çörəyi” povestini yazıb. "Tale
mənə şairliyi könül dostu verib”, - deyən şair inanırıq ki, qarşıdakı illərdə
də əzəli və əbədi "dostu” ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik
nümunələrlə oxucuları sevindirəcək. GOYEZEN.AZ
Facebook-da paylaş