Əsas Səhifə > Ədəbiyyat > Bu gün xalqın sevilən şairi Nəriman Həsənzadənin doğum günüdür
Bu gün xalqın sevilən şairi Nəriman Həsənzadənin doğum günüdür18-02-2022, 11:56 |
Nəriman Həsənzadə! Bu ad hər birimizə doğma və əzizdir. Çünki bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə gecəsini gündüzünə qataraq yorulmadan yazıb-yaradan qələm adamlarındandı Nəriman Həsənzadə. O, Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə hər zaman xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, xalqına xidməti özünün ömür kredosuna çevirən şair kimi öz yüksək intellekti, mübarizliyi ilə həmişə öndə olub. Bu gün müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 91-ci ildönümü tamam olur. Xalq şairimiz ötən il özünün 90 illik yubileyini, bu gün isə 91 yaşını müstəqil, suveren, ən əsası da 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfər çaldığı qalib ölkənin vətəndaşı olaraq qeyd edir. Ölkəmizdə dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən saz-söz adamlarına, şairlərimizə, yazıçılarımıza verilən qiymət, dəyər hər zaman yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin 2021-ci il fevralın 17-də Xalq şairinə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanması, həmin gün müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal” ordeni ilə təltif etməsi də bir daha bunun bariz nümunəsidir. Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb Xalq şairimizi təbrik etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıb. Müstəqil Azərbaycanımızın, Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona yeni yaradıcılıq uğurları arzulayıb. Xalq şairi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür. Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz” (Rumıniya, 2009) və "Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir. "Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N.Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur—2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. "Dostlar gözləyir məni”, "Qız ürəyi”, "Haradasan”, "Qaraca Çobanın hekayəti”, "Sizdən ayrılmadım”, ”Könlüm şeir istəyir”, "Yadına düşəcəyəm”, "Nəriman”, ”Niyə demədiniz”, "Zümrüd quşu”, "Mənim gecəm-gündüzüm”, "Nabat xalanın çörəyi”, "Sən bağışladın”, "Bir az möhlət istəyirəm ömürdən”, "Fikir eləmə”, "Kimin sualı var”, "Seçilmiş əsərləri”, "Mənim nigahımı pozdu təbiət”, "Bütün millətlərə”, "Taleyin töhfəsi”, ”Gəlimli-gedimli dünya”, "Pompeyin yürüşü”, "Azərbaycan ensiklopediyası", "Poylu beşiyim mənim”, "Nuru Paşa” adlı kitabları işıq üzü görmüşdür. "Nəriman”, "Zümrüd quşu”, "Kimin sualı var?”, "Atabəylər”, "Pompeyin Qafqaza yürüşü”, "Midiya sarayı”, "Bəyanət”, "Həsrət”, "Vətənsiz”, "Heybədə gəzən şeir”, "Şahid ol, günəş”, "Rəsul Həmzətova məktub”, "Şəhid atası Şərif qağaya məktub”, "Qafqaz”, "Cavid”, "Qaçaq Kərəm”, "Səfirə”, "Xarı bülbül”, "Azadlıq himni” adlı poemaların müəllifidir. "Nabat xalanın çörəyi” povestini yazıb. "Tale mənə şairliyi könül dostu verib”, - deyən şair inanırıq ki, qarşıdakı illərdə də əzəli və əbədi "dostu” ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik nümunələrlə oxucuları sevindirəcək. GOYEZEN.AZ Geri qayıt |