Əməkdar incəsənət xadimi, şair Barat Vüsal yazır...
27 sentyabr! Bizi böyük Qələbəyə aparan yolun başlanğıcı! Bu o tarixdir ki, 10 noyabrda qürurla, fəxrlə qeyd etdiyimiz böyük tarixi günün başlanğıcı oldu. Məhz həmin gündən "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına, İkinci Qarabağ savaşına çıxdıq. Bütün dünyaya qüdrətli, əzəmətli Azərbaycan dövlətinin var olduğunu, hər an qalib gələ biləcək bir dövlətin mövcudluğunu bir daha nümayiş etdirdik. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əzmi, iradəsi, qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bütün dünya qarşılarında başqa bir Azərbaycanı gördü və görməyə məcbur oldu.
Cəmi 44 gün davam edən haqq savaşımızın, Vətən müharibəsinin əks-sədası isə hələ uzun müddət dillərə dastan olacaq. Çünki şanlı Ordumuz həmin 44 gündə elə bir Zəfər dastanı yazdı ki, bu tarixi qələbəmiz dostu sevindirdi, düşmənlərimizi xar etdi. Bütün bu uğurumuzun, nailiyyətimizin, tarixi qələbəmizin müəllifi, memarı da Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun "İrəli!” əmrini ləyaqətlə yerinə yetirən Azərbaycan Ordusu oldu. Qanları, canları ilə Azərbaycanın hərb tarixinə yeni və şərəf dolu Salnamə yazan Vətən oğullarının şücaəti, qəhrəmanlığı bu gün də bütün dünyaya örnəkdir.
Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasına, yaşayış məntəqələrimizi azad etməsinə, bütövlükdə, Qarabağın azad olunmasına hər bir Azərbaycan vətəndaşı ürəkdən sevindi, sevinir və bir ömür boyu da sevinəcək.
Ürəyi hər zaman Vətən eşqi ilə döyünən, şeirlərində Vətəni sözlərin dili ilə tərənnüm edən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal da rəşadətli Azərbaycan Ordusunun mətinliyinin, mübarizliyinin, əzminin, igidliyinin, qəhrəmanlığının illər ötsə belə unudulmayacağını söyləyir. Torpaqlarımızın bütövlüyü naminə canından keçən şəhidlərimizi böyük hörmət və ehtiramla anır, yaralı hərbçilərimizin tezliklə sağalıb ailələrinin yanına qayıtmaları üçün hər kəs kimi dua edir. Üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanmasını Azərbaycan dövlətinin və xalqının böyük uğuru kimi qiymətləndirir. Uzun illərin həsrətindən sonra xalqımıza bəxş edilən tarixi ana, zəfərə görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlığını bildirir, təşəkkür dolu fikirlərini sözlərin dili ilə yazdığı şeirlərində tərənnüm edir. Ürək sözlərini, döyüntülərini, qələbə sevincini özündə əks etdirən həmin şeirləri təqdim edirik.
TAPILDI
"Bu millətdən millət olmaz” dedilər,
Bu milləti millət edən tapıldı!
Yerdə ola-ola qalxıb göylərə,
Ayla-Günlə söhbət edən tapıldı!
Gedən döyüş nə döyüşdü, gördülər,
Xain başa daşlar düşdü, gördülər.
Bir aslandı hər döyüşçü, gördülər,
Gör bir mərdi nə mərd edən tapıldı!
Dur, a şəhid, a qəhrəman, irəli,
Durma, Şuşa qalasından irəli.
Əmr eyləyir Baş Komandan: "İrəli!”
Yer qət edən, Göy qət edən tapıldı!
Belə olar dava edən, qan edən,
Birləşdirib Vətəni bir can edən!
Nə varsa da şərəf edən, şan edən,
Nə varsa da şöhrət edən tapıldı!
Hücumdadı Azərbaycan Ordusu,
Qoy şəhidlər öndə durub yerisin!
Qoymadı ki, sözdə qalıb çürüsün,
Qeyrəti də qeyrət edən tapıldı!
8 noyabr 2020-ci il
QƏLƏBƏ BAYRAMI
Şəhid qəbirləri üstə yellənən,
Bayraqları görün, muştuluq verin.
Vətənin bir qarış torpağı üstə,
Təki mən də ölüm... muştuluq verin.
Elə ki, deyildi: "Şuşa alındı”,
Qaçanlar qəbristan səmtə qaçdılar.
Qəbirlər başına dönüb, dolanıb,
Qəbirlər başına bayraq sancdılar.
Alındı düşməndən intiqamımız,
Alındı Qarabağ-mərdlər yuvası!
Bayraq-bayraq olub yelləndi, gördüm,
Şəhid oğlu-qızı, şəhid anası!
Tutduğu işindən peşiman olub,
Ölüm təbrik edir öləni, baxdım.
Şəhidlər hamısı qəbirdən durub,
Bayraqla yanaşı yellənir, baxdım.
Nə xoşbəxt vaxtıdır ana vətənin,
Qorundu şərəfi, qorundu adı!
Bayraq yellənmir ha, bayraq dillənir,
Deyir ki, şəhidlər, gözünüz aydın!
Belə ölməmişdi bu zülmət zülüm,
Belə görməmişdik biz aydınlığı.
Allahım, qoy mən də bayrağa dönüm,
Verim şəhidlərə göz aydınlığı.
Kişi adamların kişilər deyir,
Olanda bayramı bax, belə olar.
Hamımız şəhidin biri kimiyik,
Hamımız ölmüşük... diri kimiyik,
Qələbə bayramı bax, belə olar,
Qələbə bayrağı bax, belə olar!
ƏSGƏR YARASI
Qoymadın Vətəni yaralanmağa,
Qoy əsgərim, yaranı mən bağlayım.
Bu eşqimlə, bu şerimlə, sözümlə
Qoy əsgərim, yaranı mən bağlayım.
Hələ düşmən sədləri var qarşıda,
Hələ döyüş səfləri var qarşıda.
Hələ Təbriz səfəri var qarşıda,
Qoy əsgərim, yaranı mən bağlayım.
Ağı görüm, qaranı mən görməyim,
Səni keçib yaranı mən görməyim.
Qoy kor olum, yaranı mən görməyim,
Qoy əsgərim, yaranı mən bağlayım.
Mən özüm də bir əsgərəm, hər kiməm,
Özgə deyil, bu işlərə təhkiməm.
Bir az şair, bir azca da həkiməm,
Qoy əsgərim, yaranı mən bağlayım.
Dərdim çoxdu dəva-dərman olmadan,
Allah haqqı, sənin yaran olmadan.
Vətən yoxdu sənin yaran olmadan,
Qoy əsgərim, yaranı mən bağlayım.
Ay şərəfim, şanım əsgər yarası,
Ay tökülən qanım, əsgər yarası,
Sənə qurban canım, əsgər yarası,
Qoy əsgərim, yaranı mən bağlayım.
Nə daşdan, nə dəmirdəndi bu səhhət,
Bu yaranı ustuf-ustuf yu, Barat!
Əlim dəydi, sağalacaq o saat,
Qoy əsgərim, yaranı mən bağlayım!
GOYEZEN.AZ
Facebook-da paylaş