• Təqvim

  • Maraq



YAŞA AZƏRBAYCAN, YAŞA TÜRKİYƏ!


27 sentyabr! Bu tarix bizi böyük Qələbəyə aparan yolun başlanğıc götürdüyü tarixdir. Məhz həmin gündən başlayaraq "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdıq. İkinci Qarabağ savaşına qədər bizi görməyən, görmək istəməyən bütün dünyaya, beynəlxalq aləmə qüdrətli, əzəmətli Azərbaycan dövlətinin var olduğunu, hər an qalib gələ biləcək bir dövlətin mövcudluğunu bir daha nümayiş etdirdik. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əzmi, iradəsi, qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bütün dünya qarşılarında başqa bir Azərbaycanı gördü və görməyə məcbur oldu.

Cəmi 44 gün davam edən haqq savaşımızda, Vətən müharibəsində şanlı Ordumuz elə bir Zəfər dastanı yazdı ki, bu tarixi qələbəmiz dostu sevindirdi, düşmənlərimizi isə xar etdi. Zəfərimizi anlamaqda çətinlik çəkən dövlətlər qəlbi sınıq xalqın Qalib, Müzəffər Azərbaycan xalqına çevrildiyinin, igid Vətən oğullarının qanı, canı ilə dünya hərb tarixində yeni səhifə açdıqlarının, yeni Salnamə yazdıqlarının şahidi oldular. Bütün bu uğurumuzun, nailiyyətimizin, tarixi qələbəmizin müəllifi, memarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun "İrəli!” əmrini ləyaqətlə yerinə yetirən Azərbaycan Ordusu oldu.

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasına, yaşayış məntəqələrimizi azad etməsinə, bütövlükdə, Qarabağın azad olunmasına hər bir Azərbaycan vətəndaşı ürəkdən sevindi, sevinir və bir ömür boyu da sevinəcək. Rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı illər ötsə belə hər kəs tərəfindən böyük minnətdarlıq hissi ilə xatırlanacaq. Əlində üçrəngli Azərbaycan Bayrağı tutan azyaşlı uşaq, Ali Baş Komandanın "İrəli!” əmrini şərəflə icra edən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil, hər kəs Azərbaycan əsgəri deyir, deyəcək də. Torpaqlarımızın bütövlüyü naminə canından keçən şəhidlərimizi böyük hörmət və ehtiramla anır, yaralı hərbçilərimizin tezliklə sağalıb ailələrinin yanına qayıtmaları üçün hər kəs dua edir.

Üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanmasını böyük ruh yüksəkliyi ilə qarşılayan soydaşlarımız bu tarixi ana, zəfərə görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıq edir.

Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələrə ürəkdən sevinən, Vətən müharibəsində bizə dəstək olan dövlətləri unutmayan "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl bunu yazmış olduğu şeirində də bir daha oxucuların diqqətinə çatdırır. Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığından, dostluğundan ürəkdolusu söz açan E.İsmayıl "Yaşa Azərbaycan, yaşa Türkiyə!” adlı şeirində bir daha tərənnüm edir. İki qardaş ölkənin birliyini özündə əks etdirən həmin şeiri təqdim edirik.

YAŞA AZƏRBAYCAN, YAŞA TÜRKİYƏ!

Canı canımdandı, qanı qanımdan,

Dilimiz, dinimiz birdi anından,

Qılınc sıyrılıbdı daha qınından,

Dünya heyran qalıb möhkəm birliyə,

Yaşa Azərbaycan, yaşa Türkiyə!

 

Bir millət, biz iki dövlətik öndə,

Sən məndə sən oldun, mən mənəm səndə,

Bu adı hər zaman qoşa görəndə,

Düşmənlər lal olub, susub kiriyər,

Yaşa Azərbaycan, yaşa Türkiyə!

 

Həmişə yanaşı çəkilir adı,

Keçib sınaqlardan heç sarsılmadı,

Bu gün tək deyiləm, türk yanımdadı.

Yüz ilin tarixi dönüb geriyə,

Yaşa Azərbaycan, yaşa Türkiyə!

 

Qisas məqamıdır gəlib an deyib,

Şəhidlik ən böyük şöhrət-şan deyib,

Döyüş meydanında qana-qan deyib,

Yağı düşmənləri keçir süngüyə,

Yaşa Azərbaycan, yaşa Türkiyə!

 

Bu birlik işıqlı sabaha gedir,

Arzusu bütövlük, mayası sevgi,

Harada dedisə, ürəkdən dedi,

Hər iki liderim qalxdı kürsüyə,

Yaşa Azərbaycan, yaşa Türkiyə!

 

Sabaha şərəflə yeni yol saldıq,

Düşməndən min illik qisası aldıq,

Anam Qarabağda qələbə çaldıq,

Alqış bu zəfərə, alqış sevgiyə,

Yaşa Azərbaycan, yaşa Türkiyə!

Elçin İSMAYIL,

"Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist

Qazax, 8 noyabr 2020-ci il



Facebook-da paylaş