Qazaxlılar şanlı qələbəmizi ikiqat sevinc hissi ilə qarşılayır
Vətən!
Uğrunda canlar fəda edilən, qanlar axıdılan gözəl diyar. Məhz Vətən torpaqları
bütöv, bölünməz olsun deyə minlərlə oğul və qızın uğrunda canını fəda etməkdən
bir an belə tərəddüd etmədi. Zaman-zaman Vətən torpaqlarını yağı düşməndən azad
etmək üçün sinəsini topun, mərminin qarşısında sipər etdi. Bir qarış torpaq
mənfur düşməndə qalmasın deyə ölümün gözünə dik baxaraq məğrurcasına dayandı.
Azərbaycan xalqı ötən illər ərzində səbr etdi, dözdü, göydə Allaha, yerdə Ali
Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna inandı. Hər dəfə igid Vətən
oğulları canından keçdikcə "Vətən sağ olsun!” deyib başını dik tutdu. Bir oğul
canından keçib şəhid olsa belə, min oğulların doğulub, boya-başa çatdığını unutmadı.
Xalq olaraq qisasın qiyamətə qalmayacağını hər zaman bildi, hiss etdi. Və
nəhayət o gün, o vədə, o tarix yetişdi. 2020-ci ilin 27 sentyabrından başlayan
şanlı tarix xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Haqq savaşına çıxan
şanlı Azərbaycan Ordusu bu savaşdan qələbə ilə döndü. Azərbaycanın qeyrətli,
mərd, igid oğulları illər öncə verilən vədlərin, sözlərin yerinə yetirilməsi
üçün bu savaşın tam zamanı olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut
etdilər. Bizi böyük qələbəmizə aparan yolda uğur pilləkanını büdrəmədən,
addım-addım qalxdılar. Xalqımız böyük zəfərə çatmaq üçün dövlət-xalq-ordu
birliyini əldə rəhbər tutaraq bir amal uğrunda yumruq kimi birləşdi. Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər sözünə, hər kəlməsinə
ürəkdən inandı. Dövlətimizin və şanlı Ordumuzun gücünə, qüdrətinə inandıq.
Azərbaycan Ordusunun Qafqazın ən güclü ordusu olması ilə fəxr etdik. Həmin inandığımız, güvəndiyimiz ordumuzun gücü,
əzmi, iradəsi sayəsində bu gün Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan
27 sentyabr, 3,4,5,9,14,15,16,17,18,19,20,21,22,23,25-26,28,30
oktyabr, 2,4,7,8,9,10 noyabr tarixləri təqvimdə bayram günləri kimi qeyd ediləcək.
Həmin tarixlər təkcə işğaldan azad olunan şəhər və rayonlarımızın,
kəndlərimizin, qəsəbələrimizin, yüksəkliklərimizin azadolunma tarixini göstərən
tarixlər deyil, həmin tarixlər özümüzün özümüzə qayıdışımızın tarixidir. Əzəli
torpaqlarımızın bizim olduğunu göstərən tarixlərdir. Gələcək nəsillərin bir
nəfəsə ürəkdən oxuyacağı, öyrənəcəyi tarixdir. Yaddaşlara yazılan həmin
rəqəmlər artıq hər birimizin sevimli rəqəmləridir. Bizlər üçün doğmadır, əzizdir.
Ona görə ki, biz həmin tarixlərlə sübut etdik ki, bizim olan bizimdir. İllər
ötsə belə bizim olanı yağı düşməndən aldıq. "Qarabağ Azərbaycandır!” deyiminin sözdə deyil, əməldə də belə olduğunu nümayiş etdirdik. 10 noyabr 2020-ci il! Bu tarix illər ötsə,
əsrlər bir-birini əvəz etsə belə yaddaşlarda zəfərin, qələbənin günü kimi
xatırlanacaq. Çünki həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyev xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının
müjdəsini verdi. 30 il davam edən işğala son qoyulduğunu bildirdi. Uca Allahın
izni, şanlı Ordumuzun gücü ilə qazandığımız qələbələrlə tarixə Azərbaycan adlı
məmləkəti yenidən yazdıq. Həm də düşməni xar, dostu sevindirəcək qələbələrlə...
Nə xoşbəxt xalqıq ki, Allah bizlərə bu tarixi zəfərin sevincini paylaşmağı
nəsib etdi. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da rayon sakinləri Ali Baş
Komandanın müraciətindən
sonra bu tarixi qələbənin sevincini paylaşmaq üçün şəhərin mərkəzinə axın ediblər. Böyük
qələbəni ikiqat sevinc hissi ilə qarşılayan qazaxlılar bu günü tarixi gün kimi
qeyd ediblər. İşğaldan azad olunan şəhər və rayonlarımızla yanaşı, Qazaxın 7 kəndinin - Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərinin düşmən
tapdağından azad olunması, geri qaytarılacağı xəbərini böyük coşqu ilə
qarşılayıblar. Ümumxalq
şənliyinə toplaşan insanlar əllərində ay-ulduzlu bayraqlar dalğalandırıb,
Müzəffər Ali Baş Komandanımızın portretlərini tutublar. "Qarabağ Azərbaycandır!”,
"Yaşasın Ali Baş Komandan!”, "Eşq olsun Azərbaycan Ordusuna” söyləyən
qazaxlılar bu böyük qələbəyə görə rəşadətli Ordumuza, Qalib Əsgərimizə
minnətdarlıqlarını ifadə ediblər.
Qələbə sevincini şəhər sakinləri ilə birlikdə
bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarabağın azad
olunması və bu tarixi gün münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevi, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanı və bütün xalqımızı bir daha səmimi qəlbdən təbrik
edib, xoş arzularını çatdırıb. "Əziz qazaxlılar, biz bir
daha əziz Prezidentimizin xalqa olan sevgisinin, Ali Baş Komandanımızın,
Azərbaycan Ordusunun qəhrəmanlığının şahidi olduq” deyən icra başçısı bütün bu
qələbələrə görə Qazax ictimaiyyəti adından ölkə başçısına təşəkkür edib. Bu
qələbənin bizim kimliyimizi, mənliyimizi özümüzə qaytaran bir qələbə olduğunu
dilə gətirib. Bu gün kimliyindən, mövqeyindən, yaşından asılı olmayaraq Ali Baş
Komandanın hər bir azərbaycanlının sevimlisinə çevrildiyini bildirib. Hər
birimizin qürur duyduğunu, sevindiyini, fəxr etdiyini söyləyib. Bəyanatda
Qazaxın işğal altında olan 7 kəndinin azad olunması barədə bəndin yer almasını
böyük sevinc hissi ilə qarşıladığını qeyd edən icra başçısı qazaxlılara
gözaydınlığı verib. Tez bir zamanda işğaldan azad olunan torpaqlarımızda olduğu
kimi, Qazaxın həmin kəndlərində də üçrəngli bayrağımızın dalğalanacağını qeyd
edib. Sonda bir daha bu şanlı
zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və
zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və
zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb. Aşıq
Camoy Qurbanov da sevincini hər kəslə bölüşüb. "Noyabrın 8,9,10-u tarixləri Azərbaycanın
təqvimində qırmızı gündür” deyən C.Qurbanov o günləri bizə bəxş edən Ali Baş
Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna qazaxlılar adından
minnətdarlığını bildirib. Bayram
əhval-ruhiyyəli 10 noyabr günü həm tarixin, həm də Azərbaycan xalqının
yaddaşına silinməz izlərlə beləcə həkk olundu. Və bütün dünya da bunu izlədi,
gördü, şahidi oldu. Var ol Ali Baş Komandan İlham Əliyev! Var ol Azərbaycan Ordusu! Var ol Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
GOYEZEN.AZ
Facebook-da paylaş