Əsas Səhifə > Manşet / Karusel > Qazaxlılar şanlı qələbəmizi ikiqat sevinc hissi ilə qarşılayır
Qazaxlılar şanlı qələbəmizi ikiqat sevinc hissi ilə qarşılayır10-11-2020, 13:47 |
Vətən! Uğrunda canlar fəda edilən, qanlar axıdılan gözəl diyar. Məhz Vətən torpaqları bütöv, bölünməz olsun deyə minlərlə oğul və qızın uğrunda canını fəda etməkdən bir an belə tərəddüd etmədi. Zaman-zaman Vətən torpaqlarını yağı düşməndən azad etmək üçün sinəsini topun, mərminin qarşısında sipər etdi. Bir qarış torpaq mənfur düşməndə qalmasın deyə ölümün gözünə dik baxaraq məğrurcasına dayandı. Azərbaycan xalqı ötən illər ərzində səbr etdi, dözdü, göydə Allaha, yerdə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna inandı. Hər dəfə igid Vətən oğulları canından keçdikcə "Vətən sağ olsun!” deyib başını dik tutdu. Bir oğul canından keçib şəhid olsa belə, min oğulların doğulub, boya-başa çatdığını unutmadı. Xalq olaraq qisasın qiyamətə qalmayacağını hər zaman bildi, hiss etdi. Və nəhayət o gün, o vədə, o tarix yetişdi. 2020-ci ilin 27 sentyabrından başlayan şanlı tarix xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Haqq savaşına çıxan şanlı Azərbaycan Ordusu bu savaşdan qələbə ilə döndü. Azərbaycanın qeyrətli, mərd, igid oğulları illər öncə verilən vədlərin, sözlərin yerinə yetirilməsi üçün bu savaşın tam zamanı olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdilər. Bizi böyük qələbəmizə aparan yolda uğur pilləkanını büdrəmədən, addım-addım qalxdılar. Xalqımız böyük zəfərə çatmaq üçün dövlət-xalq-ordu birliyini əldə rəhbər tutaraq bir amal uğrunda yumruq kimi birləşdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər sözünə, hər kəlməsinə ürəkdən inandı. Dövlətimizin və şanlı Ordumuzun gücünə, qüdrətinə inandıq. Azərbaycan Ordusunun Qafqazın ən güclü ordusu olması ilə fəxr etdik. Həmin inandığımız, güvəndiyimiz ordumuzun gücü, əzmi, iradəsi sayəsində bu gün Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan 27 sentyabr, 3,4,5,9,14,15,16,17,18,19,20,21,22,23,25-26,28,30 oktyabr, 2,4,7,8,9,10 noyabr tarixləri təqvimdə bayram günləri kimi qeyd ediləcək. Həmin tarixlər təkcə işğaldan azad olunan şəhər və rayonlarımızın, kəndlərimizin, qəsəbələrimizin, yüksəkliklərimizin azadolunma tarixini göstərən tarixlər deyil, həmin tarixlər özümüzün özümüzə qayıdışımızın tarixidir. Əzəli torpaqlarımızın bizim olduğunu göstərən tarixlərdir. Gələcək nəsillərin bir nəfəsə ürəkdən oxuyacağı, öyrənəcəyi tarixdir. Yaddaşlara yazılan həmin rəqəmlər artıq hər birimizin sevimli rəqəmləridir. Bizlər üçün doğmadır, əzizdir. Ona görə ki, biz həmin tarixlərlə sübut etdik ki, bizim olan bizimdir. İllər ötsə belə bizim olanı yağı düşməndən aldıq. "Qarabağ Azərbaycandır!” deyiminin sözdə deyil, əməldə də belə olduğunu nümayiş etdirdik. 10 noyabr 2020-ci il! Bu tarix illər ötsə, əsrlər bir-birini əvəz etsə belə yaddaşlarda zəfərin, qələbənin günü kimi xatırlanacaq. Çünki həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. 30 il davam edən işğala son qoyulduğunu bildirdi. Uca Allahın izni, şanlı Ordumuzun gücü ilə qazandığımız qələbələrlə tarixə Azərbaycan adlı məmləkəti yenidən yazdıq. Həm də düşməni xar, dostu sevindirəcək qələbələrlə... Nə xoşbəxt xalqıq ki, Allah bizlərə bu tarixi zəfərin sevincini paylaşmağı nəsib etdi. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da rayon sakinləri Ali Baş Komandanın müraciətindən sonra bu tarixi qələbənin sevincini paylaşmaq üçün şəhərin mərkəzinə axın ediblər. Böyük qələbəni ikiqat sevinc hissi ilə qarşılayan qazaxlılar bu günü tarixi gün kimi qeyd ediblər. İşğaldan azad olunan şəhər və rayonlarımızla yanaşı, Qazaxın 7 kəndinin - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərinin düşmən tapdağından azad olunması, geri qaytarılacağı xəbərini böyük coşqu ilə qarşılayıblar. Ümumxalq şənliyinə toplaşan insanlar əllərində ay-ulduzlu bayraqlar dalğalandırıb, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutublar. "Qarabağ Azərbaycandır!”, "Yaşasın Ali Baş Komandan!”, "Eşq olsun Azərbaycan Ordusuna” söyləyən qazaxlılar bu böyük qələbəyə görə rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə ediblər.
Qələbə sevincini şəhər sakinləri ilə birlikdə bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarabağın azad olunması və bu tarixi gün münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı və bütün xalqımızı bir daha səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. "Əziz qazaxlılar, biz bir daha əziz Prezidentimizin xalqa olan sevgisinin, Ali Baş Komandanımızın, Azərbaycan Ordusunun qəhrəmanlığının şahidi olduq” deyən icra başçısı bütün bu qələbələrə görə Qazax ictimaiyyəti adından ölkə başçısına təşəkkür edib. Bu qələbənin bizim kimliyimizi, mənliyimizi özümüzə qaytaran bir qələbə olduğunu dilə gətirib. Bu gün kimliyindən, mövqeyindən, yaşından asılı olmayaraq Ali Baş Komandanın hər bir azərbaycanlının sevimlisinə çevrildiyini bildirib. Hər birimizin qürur duyduğunu, sevindiyini, fəxr etdiyini söyləyib. Bəyanatda Qazaxın işğal altında olan 7 kəndinin azad olunması barədə bəndin yer almasını böyük sevinc hissi ilə qarşıladığını qeyd edən icra başçısı qazaxlılara gözaydınlığı verib. Tez bir zamanda işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib. Sonda bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb. Aşıq Camoy Qurbanov da sevincini hər kəslə bölüşüb. "Noyabrın 8,9,10-u tarixləri Azərbaycanın təqvimində qırmızı gündür” deyən C.Qurbanov o günləri bizə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna qazaxlılar adından minnətdarlığını bildirib. Bayram əhval-ruhiyyəli 10 noyabr günü həm tarixin, həm də Azərbaycan xalqının yaddaşına silinməz izlərlə beləcə həkk olundu. Və bütün dünya da bunu izlədi, gördü, şahidi oldu. Var ol Ali Baş Komandan İlham Əliyev! Var ol Azərbaycan Ordusu! Var ol Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
GOYEZEN.AZ Geri qayıt |