Qazaxda şair Həvəskarın 90 illik yubileyi qeyd olunub
HƏVƏSKAR - 90 ------------------------------------------------------------------------
Bu gün Qazaxda şair Həvəskarın (Hacalıyev Allahverdi Vəli oğlu) 90 illik yubileyi qeyd olunub. Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində keçirilən tədbirdə şairlər, aşıqlar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər, şairin yaxın dostları iştirak ediblər.
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal giriş sözü ilə çıxış edərək respublikamızda dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ədəbiyyat sahəsinə, şeiriyyətə, sözə verilən yüksək qiymətdən danışıb. Qeyd edib ki, bu gün biz şairlər fəxr və qürur hissi keçiririk ki, Ulu Öndər Heydər Əliyevin ədəbiyyatımıza, şairlərə olan yüksək qayğısı onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 3 ildə ölkəmizdə şairlərə, yazarlara, saz-söz adamlarına verilən qiyməti, dəyəri Qazaxda yüksək səviyyədə olduğu kimi davam etdirdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ziyalılar adından təşəkkürünü çatdırıb.
Şair Həvəskarın həyat və yaradıcılığından danışan B.Vüsal qeyd edib ki, Hacalıyev Allahverdi Vəli oğlu 1929-cu ildə Qazax mahalının Ağköynək kəndində anadan olub. Cavan vaxtlarından el-obaya kəskin sözləri ilə yayılan Allahverdinin Ağköynəkli Aşıq Məmmədyarla deyişməsi onun şairlikdə kamilliyindən xəbər verir. Şeyda Əzizlə görüşən şair şeirlərindən bir neçəsini ona söyləyir. Şeyda Əziz onun şeirlərini çox bəyənir. Ustad ona: "Gələcəkdə səndən yaxşı şair olacaq, yaxşı yazırsan, yaz!” - deyir, xeyir-duasını verir. Təvazökar şair: "Mən elə də şair deyiləm, həvəskaram”, - deyir. Şeyda Əziz: "Təxəllüsün çox xoşuma gəldi. "Həvəskar” yaxşı addır”, - deyən kimi sözü göydə tutan söz sərrafı elə o gündən "Həvəskar” təxəllüsü ilə yazıb-yaradır. B.Vüsal qeyd edib ki, "İlham pərimin mirzəsiyəm”, - deyən şair təbiətlə alovlanıb. Yaradıcılığında ədəbiyyatın bütün janrlarından məharətlə istifadə edən şair Həvəskar Vətən yanğısı ilə alışıb yanır. İşğal altında olan torpaqların xəyalı ilə yatır, yuxuda da at belinə minib Göyçəyə, "Ələsgərin” ziyarətinə gedir. Xocalını, Şuşanı, Qarabağı, Ağdamı, Laçını qarış-qarış gəzir. "Vətən bağışla məni, səni yada vermişəm”, - deyərək haray çəkir. Şeirdə hecaların sayını "nəfəsimnən” bilirəm deyən şair doğrudan da sözləri nəfəsi ilə deyərək qafiə uyğunluğunu tuta bilir. B.Vüsal şairin 1998-ci ildə "Yaddaşlarda yaşamağa gəlmişəm” adlı ilk şeirlər kitabının nəşr edildiyini bildirib. Kitabda ön sözün müəllifi Həmid Abbas, "Yaddaşlarda yaşamaq haqqı” məqalənin müəllifi isə özünün olduğunu vurğulayıb. Həmin məqalədə şair haqqında yetərincə qiymətli sözlər dediyini, onun şəxsiyyətinə, tale yoluna və yaradıcılığına toxunduğunu diqqətə çatdırıb. Sonralar isə şairin "Ömrümün son dastanı” və "Buradan keçib” şeir kitablarının da işıq üzü gördüyünü qeyd edib.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Ölkəmizdə şairlərə, yazıçılara, saz-söz adamlarına göstərilən dövlət qayğısından danışan müavin bu qayğıdan qazaxlı şair və yazıçılara, aşıqlara, söz adamlarına da böyük pay düşdüyünü bildirib. Bu il ölkə rəhbərinin 28 yanvar tarixli Sərəncamı ilə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində qeyd olunmasını Qazax ziyalılarına verilən böyük dəyər kimi qeyd edib. G.Həsənova Qazaxda yubiley tədbirlərinin keçirilməsinin artıq ənənə halını aldığını da söyləyib. Rayon rəhbərliyi tərəfindən şairlərin, yazarların, aşıqların yubiley tədbirlərinin keçirilməsini onların yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirib. Şair Həvəskarın yaradıcılığından söhbət açan müavin onun doğma elə, obaya, yurda olan bağlılığından, Vətənə olan sevgisindən danışıb. Vətən, yurd sevgisinin yazdığı şeirlərdə də öz real əksini tapdığını bildirib. "Bir az yuxarı get Əskipara var” şeirində işğal altında olan Bağanıs Ayrım, Barxudarlı, Xeyrımlı, Qızılhacılı, Sofulu, Aşağı Əskipara və Yuxarı Əskipara kəndlərini böyük məharətlə geniş oxucu kütləsinə çatdırdığını dilə gətirib. Bu gün həmin şeirin gənc aşıqlar tərəfindən saz havası üstə oxunmasını şairin yaradıcılığına olan hörmət və ehtiram kimi qiymətləndirib. İstər həmin şeirlə, istərsə də digər şeirləri ilə hər zaman qəlblərdə yaşayacağını qeyd edib.
AYB Qazax zona filialında ədəbi-məsləhətçi Mustafa Rasimoğlu, şairlərdən Tamella Poladlı, Bilal Qoca, Mübariz Qaragözlü, Qarabağ müharibəsi veteranı Bəxtiyar İsayev çıxış edərək şair Həvəskar haqqında ürək sözlərini çatdırıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd ediblər ki, şairin vətənpərvər insan olmasını onun döyüş bölgələrində olmasından, mütəmadi olaraq əsgərlərlə görüşməsindən və onlara ruh yüksəkliyi verməsindən də aydın şəkildə görmək mümkün idi. Şair haqqında səmimi ürək sözlərini çatdıran çıxışçılar onun şeirlərini tədbir iştirakçılarına çatdırıblar.
Aşıqlardan Camoy Qurbanov, Saqif Məzəmli, gənc aşıq Cəfəri Sadiq də şairin şeirlərini saz havaları üstə təqdim ediblər.
Sonda şair Barat Vüsal tədbirə yekun vuraraq yubilyarın 90 illiyinin belə yüksək səviyyədə qeyd olunmasına görə rayon rəhbərliyi başda olmaqla əməyi keçən insanlara poeziya sevərlər adından bir daha minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş