• Təqvim

  • Maraq



Xalq yazıçısı Mehdi Hüseynin 110 illik yubileyi adını daşıyan məktəb-liseydə qeyd olunub

Azərbaycan ədəbiyyatının inkişafında, yeni mövzularla zənginləşməsində, ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi  tənqidin yeni zirvələr fəth etməsində xüsusi yeri olan Xalq yazıçısı, dramaturq, ictimai xadim, tənqidçi Mehdi Hüseynin anadan olmasının 110 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, doğulduğu Qazax rayonunda da böyük təntənə ilə qeyd olunur.

Bu gün növbəti yubliey tədbiri Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının və Xalq yazıçısının adını daşıyan məktəb-liseyin birgə təşkilatçılığı ilə keçirilib.

 

AYB Qazax zona filialının görkəmli dramaturqun yubileyi ilə əlaqədar tərtib etdiyi Tədbirlər Planına əsasən keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, filialın üzvləri, Xalq yazıçısının yaxınları, məktəb-liseyin müəllim-şagird kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xalq yazıçısı Mehdi Hüseynin məktəbin həyətində yerləşən büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Məktəbin direktoru Tahirə Comərdova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görkəmli şəxsiyyət haqqında fikirlərini çatdırıb. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Mehdi Hüseynin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib. 1975-ci ildən Xalq yazıçısının adını daşıyan məktəbdə onun xatirəsinin hər zaman anıldığını, illər ötsə belə məktəbin müəllim-şagird kollektivinin onun adına layiq olmağa, şərəfini daim uca tutmağa çalışdıqlarını bildirib. Hər il olduğu kimi, bu il də 110 illiyini böyük təntənə ilə qeyd etdiklərini diqqətə çatdırıb. Bu il ölkə başçısı İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublikamızda, o cümlədən də doğulub boya-başa çatdığı Qazax elində yüksək səviyyədə qeyd olunmasından söz açan məktəb direktoru bu sahədə görülən işlərdən də danışıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müvafiq Sərəncamına əsasən rayonda yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün xüsusi hazırlıq işlərinin görüldüyünü, tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Dövlət başçısının imzaladığı Sərəncamı qazaxlı ziyalılara, saz-söz adamlarına verilən qiymət kimi dəyərləndirən məktəb direktoru buna görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Şairlərə, yazıçılara daim diqqət və qayğı ilə yanaşan rayon rəhbərliyinə təşəkkürlərini çatdırıb.


AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək görkəmli ədibin həyat və yaradıcılığı barədə geniş məlumat verib. O, Mehdi Hüseynin öz dövründə ədəbiyyatımızın inkişafında dayanan, hər bir şair və yazıçının yaradıcılığı ilə yaxından maraqlanan böyük bir sənətkar, orijinal yaradıcılıq xüsusiyyətinə malik istedadlı yazıçı, dramaturq, prinsipial, obyektiv tənqidçi olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, şairlərə, yazıçılara, bütövlükdə söz adamlarına verdiyi yüksək dəyərdən söz açan şair həmin diqqət və qayğının bu gün ölkə başçısı İlham Əliyev tərəfindən göstərildiyini vurğulayıb. Bu gün şairlərimizin, yazıçılarımızın yubiley tədbirlərinin ölkə səviyyəsində qeyd olunması üçün dövlət başçısının imzaladığı Sərəncamların bu qayğının ən bariz nümunəsi olduğunu bildirib. Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması barədə 3 noyabr 2018-ci il tarixli, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi barədə 28 yanvar 2019-cu il tarixli Sərəncamları təkcə qazaxlı ziyalılara deyil, eyni zamanda, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına verilən yüksək qiymət kimi dəyərləndirib. Xalq yazıçısı Mehdi Hüseynin 110 illik yubileyi ilə bağlı filial tərəfindən görülən işlərdən danışan şair bugünkü tədbirin də həmin silsilə tədbirlərin davamı olduğunu qeyd edib. Mehdi Hüseynin Qazaxın mərkəzində yerləşən Fəxri qazaxlılar parkında, adını daşıyan məktəb-liseydə büstünün qoyulduğunu, respublikamızın bir çox bölgələrində, o cümlədən də Qazaxda onun adını daşıyan küçələrin olduğunu diqqətə çatdırıb. Əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

AYB Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, AYB-nin üzvü Səhlədar Hidayətoğlu, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Nüşabə Yaqubova, Rahilə Əliyeva çıxış edərək Xalq yazçısının həyat və yaradıcılığına bir daha nəzər salıb, onun əsərlərinin ədəbiyyatımızda xüsusi yeri olduğunu qeyd ediblər. Bildiriblər ki, Mehdi Hüseyn nədən yazırdısa, çalışırdı ki, qələmə aldığı mövzu və problemlər xəlqilik mövqeyindən işıqlandırılsın, o cümlədən, oxucunun vətənpərvərlik duyğularına, yaratmaq eşqinə təsir etsin.

 

Tədbirdə iştirak edən Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb. Bugünkü yubiley tədbirinin Xalq yazıçısının yaradıcılığına verilən böyük qiymət olduğunu bildirib. Mehdi Hüseynin yaradıcılığının, əsərlərinin bu gün gənc yazarlar üçün bir məktəb olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün tədbirdə yaşananlar, məktəbin müəllim-şagird kollektivi tərəfindən görkəmli ədibin ünvanına səslənən fikirlər bir daha onu göstərdi ki, Mehdi Hüseyn bundan sonra da daim qəlblərdə yaşayacaqdır.

Xalq yazıçısının bacısı oğlu Siyavuş Süleymanov çıxış edərək tədbirin təşkilində əməyi olan insanlara ailəsi və Mehdi Hüseyni sevərlər adından dərin minnətdarlığını bildirib. Görkəmli ədiblə bağlı xatirələrini bölüşərək onun insani keyfiyyətlərindən söz açıb. Bugünkü gənc nəsilin bəhrələnməsi üçün Azərbaycan ədəbiyyatına bəxş etdiyi saysız-hesabsız əsərlərdən danışıb və məktəbliləri onun əsərlərindən yararlanmağa çağırıb.

Tədbirdə məktəbin VII sinif şagirdləri Sədaqət Namazova, Salatın Abdullayeva, Fidan Əhmədova, IX sinif şagirdi Aytən Nəbiyeva Xalq yazıçısına həsr olunmuş şeirlər səsləndiriblər. III sinif şagirdi Mehman Həsənov, VI sinif şagirdi Nurlan İsmayılov, VII sinif şagirdi Rəhim Muradov və VIII sinif şagirdi Cəfər Sadiq Qaragözovun saz havaları üstdə təqdim etdikləri şeirlər də tədbirə xoş ovqat qatıb.

Bəşəri fikirlər carçısı olan, xalqın amalını yüksəklərə ucaltmağa çalışan ədibin vaxtilə dediyi kəlamlar, eləcə də Mehdi Hüseyn haqqında dahi şəxsiyyətlərin söylədikləri gözəl fikirlər, məktəblilərin ədibin "Yeraltı çaylar dənizə axır” əsərindən nümayiş etdirdikləri bir parça tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.





     
 









                                          GOYEZEN.AZ                                                                     


Facebook-da paylaş