Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Hörmətli
həmvətənlər!
Sizi və dünyanın müxtəlif
guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə
səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.
Qurban bayramı Allahın
bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi
özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək,
insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür
fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.
Tarixən İslama və onun
mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və
ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük
təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi,
xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri
görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki,
bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın
mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.
Əziz bacı və qardaşlarım!
Qurban bayramı münasibətilə
bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah
tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy, bu mübarək bayram ailələrinizə
səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Qurban bayramınız mübarək
olsun!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 avqust
2019-cu il.
Facebook-da paylaş