Qazaxda xidmət sahələri tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirilib
Bu gün hər
kəsə yaxşı məlumdur ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısı
tərəfindən atılan hər bir uğurlu addımın arxasında vətəndaş amili, onları
narahat edən məsələlər, qayğılar dayanır. Son 3 ildir ki, Qazax rayonunda da
vətəndaş amili daim ön planda saxlanılır. Müraciət edən hər bir vətəndaşın
istəyinə xüsusi həssaslıqla yanaşılır. Rayon rəhbərliyi tərəfindən keçirilən
səyyar görüşlər, fərdi və ümumi qəbullar məhz bu amala xidmət edir. Keçirilən hər
bir görüşün, qəbulun əsas məqsədi vətəndaşın qaldırdığı ən xırda məsələyə belə dərhal
operativ şəkildə münasibət bildirmək və mümkün olan qədər həll etməkdir. Bundan
əlavə, rayonda fəaliyyət göstərən xidmət sahələrinin vətəndaşlara göstərdikləri
xidmətlərin keyfiyyəti də daim diqqət mərkəzində saxlanılır. Bununla bağlı
mütəmadi olaraq geniş tərkibdə müşavirələr keçirilir.
Bu gün də Qazax
Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının iştirakı ilə rayonda
fəaliyyət göstərən xidmət sahələrinin vətəndaşlara göstərdiyi xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirilib. Şəhər və
kəndlərdə yaşayan 59 nəfər rayon sakininin müraciətləri əsasında keçirilən
müşavirədə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti, sakinlərə olan diqqət və
qayğı müzakirə olunub.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, fəaliyyətə
başladığım ilk gündən çalışmışam ki, ölkə başçısının həyata keçirdiyi siyasəti
Qazaxda olduğu kimi həyata keçirim. Həyata keçirdiyim bütün işləri ölkə
rəhbərinin mənə olan etimadına uyğun olaraq yerinə yetirim. Rayon rəhbəri bildirib
ki, bu gün dövlət başçısının da söylədyi kimi, vətəndaş amili bir nömrəli
məsələ olmalıdır. Onların qaldırdığı hər hansı bir məsələyə dərhal reaksiya
verilməlidir. "Heç bir idarə, müəssisə və təşkilat rəhbəri ölkə başçısının
yürütdüyü siyasətə kölgə sala bilməz”, - deyən icra başçısı qeyd edib ki,
əksinə onlar davranışı, göstərdiyi diqqət və qayğı ilə vətəndaşlara nümunə
olmalıdır. Hər bir məmur çalışmalıdır ki, vətəndaş ondan razı qalsın. Elə bir
abu-hava yaratmalıdır ki, xalq dövlətin, ölkə başçısının hər zaman onların
arxasında dayandığını, yanında olduğunu hiss etsin. Xalq bilsin ki, dövlət məmuru
ilə vətəndaş arasında həmişə onlara qarşı səmimi münasibət, yüksək səviyyədə göstərilən
diqqət və qayğı var.
İcra
başçısı vurğulayıb ki, ölkə başçısı bütün sahələrdə vətəndaşlara göstərdiyi
diqqət və qayğı ilə seçildiyi kimi, bizlər də çalışmalıyıq ki, bu amal uğrunda
işimizi quraq. Çünki bizim üzərimizə düşən ən əsas vəzifə dövləti, dövlətçiliyi,
eləcə də ölkə rəhbərinin siyasətini dəstəkləmək, onun gördüyü işlərə öz
töhfəmizi verməkdir.
Sonra
vətəndaşların xidmət sahələrinin gördüyü işlərin keyfiyyəti ilə bağlı fikirləri
öyrənilib, onları narahat edən məsələlər dinlənilib. 59 nəfərin müraciətinə
əsasən xidmətində nöqsanları olan Qazax Telekommunikasiya Qovşağının rəisi
Nizaməddin Məmmədova ciddi xəbərdarlıq olunub.
Sonda geniş
tərkibdə keçirilən müşavirədə rayonda vətəndaşlara göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin olunması bir daha xidmət sahəsi
rəhbərlərinə çatdırılıb. Bildirilib ki, vətəndaşların ən çox təmasda olduğu sahələr
kommunal xidmətlər göstərən təşkilatlardır. Bu baxımdan bu sahədə şəffaflığın təmin
edilməsi olduqca vacibdir. Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, xidmət sahələrində də hər
bir bir xidmət sahəsi rəhbəri vətəndaşlara göstərdiyi xidmətlərdə şəffaflığı
təmin etməlidir. Bununla bağlı
xüsusi tapşırıqlar da verilib. Sakinlərin diqqətinə də çatdırılıb ki, Qazaxda
hər zaman ön plana çəkilən vətəndaş amili bundan sonra da görülən bütün işlərin
mərkəzində dayanacaq. Son 3 ildə bu sahədə olan ənənə bundan sonra da qorunub
saxlanılacaqdır.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq aidiyyəti
xidmət sahələrinin rəhbərlərinə işlərində daha məsuliyyətli olmağı, vətəndaşa
qarşı xüsusi həssaslıqla yanaşmağı bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş