“Mən qorxuya qalib gəldim!” adlı layihənin icrasına start verilib
Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə Məktəbdənkənar sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı Nailə Əfəndiyevanın “Mən qorxuya qalib gəldim!” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuşdur.
01.12.2024-cü il tarixindən sözügedən layihənin icrasına start verilib. Layihə məktəb bullinqinə həsr olunub. Məktəbdə bullinq həm emosional, həm də fiziki səviyyədə ifadə oluna bilən zorakılıq növüdür. Bulinqdən heç kim sığortalanmayıb. Bu, nə ailənin, nə valideynin rifahından asılıdır. Məqsəd məktəblilərin aqressiv davranışlarının qarşısını almaq üçün bullinq qurbanlarına özünümüdafiə və düzgün davranış vərdişləri aşılamaq üçün antibullinq profilaktik tədbirləri həyata keçirməkdir. Bu məqsədə nail olmaq üçün 3 ay ərzində 944 nəfəri əhatə edən vəzifələri yerinə yetirməyə başlanılıb. Ən əsası da odur ki, şagirdlərə, valideynlərə və müəllimlərə bullinq halı ilə rastlaşdıqda necə davranmağın yolları öyrədiləcək. Layihənin sonuna yaxın bullinq əleyhinə fləşmob da hazırlanacaq. Beləliklə, bu layihə ilə ictimaiyyətin diqqətini də problemə cəlb etmək mümkün olacaq.
Hazırda layihə uğurla davam edir. Layihənin açılışına müəllim və valideynlər dəvət olunublar. Layihənin təqdimatı zamanı Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktoru Şəbnəm Əliyeva, layihənin təlimçisi Şəlalə Məhərrəmova, layihənin eksperti Tahirə Xasməmmədova və müəllimlər çıxış edərək öz fikirlərini söyləyiblər.
Qeyd edək ki, layihənin sonuna yaxın bu istiqamətdə toplanmış nəticələr təhlil və müqayisə olunaraq yekun nəticə çıxarılacaq. Layihənin dərsləri aprelin əvvəli tamamlanacaq. Biz əminik ki, layihənin sonuna yaxın məktəbdə tam rahat psixoloji atmosfer yaranacaq. Bulinqdən azad! Beləliklə, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb digər məktəblərə də nümunə olacaq.
Facebook-da paylaş