• Təqvim

  • Maraq



Bu gün Qazaxlıların dəyərli oğlu professor İlham Pirməmmədovun doğum günüdür


İlham Teymur oğlu Pirməmmədov! Bu ad hər birimizə, doğma qazaxlılarımıza çox əzizdir. Çünki İlham müəllim bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, hər zaman xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, xalqına, doğma qazaxlılarına, elinə-obasına xidməti özünün həyat amalına çevirən dəyərli ziyalılarımızdandır. "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov sadalamadıqlarımız digər müsbət keyfiyyətlərinə görə hər zaman öndə olub.

Bu gün dəyərli ziyalımızın 68 yaşı tamam olur. Bu gün İlham müəllim doğum gününü müstəqil, suveren, ən əsası da 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Qələbə qazandığı qalib ölkənin vətəndaşı olaraq qeyd edir.

Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi, yazarlarımızı, ziyalılarımızı daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb dəyərli ziyalımızı təbrik etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov professor İlham Pirməmədovu doğum günü münasibətilə Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıb. Müstəqil Azərbaycanımızın, Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona uğurlar arzulayıb.

İlham Teymur oğlu Pirməmmədov 18 aprel 1955-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Mexanika" fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977-80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalıçmışdır. 1980-84-cü illərdə o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil alıb. 1984-1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989–2015-ci illərdə hal-hazıra qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin müşaviri) çalışmışdır.

İ.Pirməmmədov 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi, riyaziyyat üzrə elmlər doktorudur. 35 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.

Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin "Nəzəri mexanika" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır.

İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Evlidir, iki övladı var.

GOYEZEN.AZ



Facebook-da paylaş