2 fevral – Azərbaycan Gəncləri Günüdür
Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət
və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata
keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan
dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də
imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında
ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox
sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə
ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri
üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi
əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi
ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində
dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə
olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının
formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin
həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən
fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman,
sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi
formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial
problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə
müsbət təsir göstərib. Ulu Öndərin gəncliyə və gənclərə
etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər
siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham
Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.
Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili,
sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən
işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait
və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətimizin başçısının 2007-ci il
16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan
gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində
minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni
mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların
cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli
adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri
tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət və
qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident
İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata
keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi
prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli
Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər
tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının,
əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur. Müasir dövrdə elmin və
texnologiyanın sürətli inkişafı, post-neft dövrünün başlanması Azərbaycan
dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini
zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin
intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə
2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf
Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı
bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda
gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin
bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı
və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin
sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti
artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Azərbaycan gəncləri üçün ən
həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək
davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında
Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən
yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə
olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi,
xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Sevindirici haldır ki, gənclərimiz
Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib,
ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda
törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak ediblər. Hazırda ölkəmizdə gənclər siyasəti
uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik
ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham
Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin
reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək
səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul
tarixli Sərəncamı ilə "Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas
məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan
perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr
ehtiyatı bankının yaradılmasıdır. Dövlətimizin başçısının "Azərbaycan
Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə
tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, Azərbaycan
Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər
siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması,
habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik
fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi
işinə töhfə verilməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət
göstərən Heydər Əliyev Mərkəzlərində
Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi
uğurla davam etdirilir. Ölkəmizdə gənclərin məşğulluğunun
təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti
xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən
gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata
keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır.
Eləcə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının
təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların
fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz
üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa
çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin
təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini
səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara
arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini
dəstəkləyirlər. Tam inamla demək olar ki, ölkəmizdə
gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə
kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər
Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən
böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir.
Dövlətimizin başçısının "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim
sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə
arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə
Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir. Gənclərimizin potensialının,
fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu
diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan
Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında Sərəncam
imzalayıb. Sevindirici haldır ki, gənclərimiz
ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol
oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi
mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də
fəal şəkildə səfərbər olunublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar
ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial
məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif
sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz
ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini
verirlər. Bu gün hər birimiz fəxr edirik ki,
Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli
Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində
torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək
quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində
gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin
ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı
gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas
yaradır. Tükəzban SÜLEYMANOVA, "Öyrədərək Öyrənirik"
Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin müəllimi
Facebook-da paylaş