Qazaxda 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Qalib ölkənin qalib gəncləri” başlığı altında rayon gənclərinin onlayn toplantısı keçirilib
Fevralın 1-də Qazax Rayon Gənclər və İdman İdarəsi, "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş "Qalib ölkənin qalib gəncləri” başlığı altında rayon gənclərinin onlayn toplantısı keçirilib.
Toplantını giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq gəncləri salamlayıb, 2 Fevral - Gənclər Günü münasibətilə təşkil olunmuş onlayn görüşün əhəmiyyətindən danışıb.
Ümumilikdə 100 nəfərin iştirak etdiyi toplantıda əvvəlcəAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək 2 Fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib, xoş arzularını çatdıraraq gələcək həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün respublikamızda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlət başçısının gənclərə olan qayğısının rayonumuzda da hər zaman hiss olunduğunu, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərə daim diqqət və qayğı ilə yanaşdığını qeyd edib.
Toplantıda iştirak edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Bakı Dövlət Universiteti Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov, "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev çıxış edərək ulu öndər Heydər Əliyevin 1997-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş 2 Fevral - Gənclər Gününü Azərbaycan gəncliyinə verilən ən böyük dəyər kimi qiymətləndiriblər. Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmasının ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğısının bariz nümunəsi kimi gənclərin diqqətinə çatdırıblar.
Toplantı iştirakçılarından Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov, fəal gənc Ülvi Zeynalov, "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin könüllüsü Nigar Alməmmədli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin gənc könüllüsü Pəri İbrahimova və Fadail Paşazadə çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ilk növbədə ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və hər zaman gənclərin yanında olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova Qazax gəncləri adından minnətdarlıqlarını bildiriblər. Gənclərə olan qayğını öz əməli işləri ilə hər zaman doğrultmağa çalışacaqlarını, bundan sonra da müstəqil Azərbaycanın çiçəklənməsi naminə ölkə başçısının ətrafında sıx birləşəcəklərini vurğulayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş