• Təqvim

  • Unutma

  • Maraq



Böyük Türk Dünyasının ikinci Ali Liderinə verilən Ali Təltif


Türk Dövlətləri Təşkilatının noyabrın 12–də Türkiyədə, İstanbul şəhərində baş tutan VIII Zirvə toplantısında Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev Türk Dünyasının Ali Ordeninin şəxsinə təqdim olunmasından sonrakı çıxışında Türk Dünyasının lideri çox hörmətli Rəcəb Tayyib Ərdoğana və digər dövlət başçılarına öz adından və Azərbaycan xalqı adından təşəkkürünü bildirmiş, bu mükafatın bütün Azərbaycan xalqına verildiyini vurğulamışdır.

Bu Ali mükafatın Türk Dövlətləri Təşkilatına üzv bütün ölkələrin rəhbərləri tərəfindən imzalandığının isə ona ikinci sevinc yaşatdığını da qeyd etmişdir. Cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən edilən təqdimatda bu Ali mükafatın cənab İlham Əliyevə Qarabağın azad olunmasında göstərdiyi səylərə və Türk birliyinin güclənməsində töhfələrinə görə verildiyi ayrıca qeyd edilmişdir.

Ötən ilin aprel ayında Pandemiya ilə mübarizə məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında Türk Şurasına üzv dövlətlərin onlayn şəkildə Zirvə toplantısının keçirilməsi həm təşkilata üzv, həm də digər dövlətlərə yardım göstərilməsi və peyvənd əlçatanlığının təmin edilməsi məqsədini daşıyırdı.

Ölkə başçımız tərəfindən Türkiyənin son illər ərzində çox hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan sayəsində dünya miqyasında güc mərkəzinə və söz sahibinə çevrildiyini, Türkiyənin siyasi-iqtisadi, hərbi gücünün dünyada qəbul olunduğu bildirilmişdir. "Türk Dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir”- demişdir.

44 günlük müharibə dövründə başlanğıcdan sona qədər Türkiyənin, Cümhurbaşkanı cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olduğunu bir daha vurğuladı. "Məhz bu dəstəyə görə bəzi Ermənistan havadarları dövlətlər savaşdan kənarda qaldılar və bu bizə imkan verdi ki, şərəfli missiyamızı yerinə yetirək”. Prezident Əliyev müharibədən sonrakı Qarabağın bərpası və quruculuq işlərində də Türk şirkətlərinin xüsusi səylərini, ürəkdən gələn çalışmalarını qeyd etmişdir. "Yıkımları bərpa edərkən Qarabağ və Azərbaycanın bir daha bu təhlükəni yaşamaması üçün gərəkən tədbirləri alacağız”. (Türkiyə prezidenti cənab R.T.Ərdoğan. İyun 2021 Şuşa).

Müzəffər Ali Baş Komandanımız 1920-ci ildə Sovetlərin səyi ilə Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsinin Azərbaycanın Türk dünyası ilə bağlarının qırılması məqsədi daşıdığını bir daha diqqətə çatdırdı. Zəngəzur kolidorunun açılmasının bu coğrafiyanı bərpa edəcəyini, həm Türk Dünyası, həm Avropa, həm də qonşularımızı birləşdirəcək bu layihənin uğurla gerçəkləşəcəyinə əminliyini qeyd etdi.

Prezident İlham Əliyev Türk Dövlətləri Birliyinin din, dil və ortaq maraqlar kimi möhkəm təməl üzərində qurulduğunu diqqətə çatdırdı. ”Bu Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm də bizim ənənələrimiz... bu birliyi diktə edir”. Təşkilatda birləşməni sadəcə, gələcəyə baxış deyil, ortaq gələcəyə baxış kimi dəyərləndirmişdir.

Zirvə görüşünün əhəmiyyətini vurğulayaraq Şuradan Təşkilata çevrilməni, dünyanın aparıcı dövlətlərinin mütəmadi yaranan qlobal təhlükələrin qarşısını ala bilmədiklərini, Türk Dövlətləri Təşkilatının bu baxımdan təkcə ölkələrimiz üçün deyil, dünya üçün əhəmiyyətli olacağına əmin olduğunu bildirdi. "Biz böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik”.

Çıxışında Prezident İlham Əliyev Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan dövlətinin vəsaiti hesabına Füzulidə tikiləcək yeni məktəbə görə ona təşəkkürünü bildirmiş, bunu dostluq və qardaşlığın daha bir nümunəsi kimi qiymətləndirmişdir.

Xalq o zaman sevinir ki, onun Prezidenti ölkə, dünya və bəşəri əhəmiyyətli uğurlara imza atır, Ali mükafatlarla təltif olunur. Bu Ali Ordenin ölkə başçımıza, Müzəffər Ali Baş Komandanımıza təqdim edilməsi Azərbaycan vətəndaşlarına qürur və sevinc yaşadır. Bu təqdimat Böyük Türk Dünyasının ikinci Ali Liderinə verilən nəhəng məsuliyyətin də daşıyıcısı idi.

Ali Baş Komandanımızın əsgərləri olaraq biz bu tarixi və şərəfli missiyanın icrasında da birlikdəyik! Hər zaman dövlətimizin və Prezidentimizin yanındayıq!

Yeganə GÖYÜŞLÜ,
Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktoru

 



Facebook-da paylaş