• Təqvim

  • Unutma

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

20 Yanvar faciəsinin otuzuncu ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da böyük ehtiramla qeyd olunur. Növbəti anım tədbiri yanvarın 9-da Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan ideoloji mərkəzdə keçirilən tədbirdə kollecin müəllim və tələbə kollektivi iştirak edib.

Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quluyev tədbiri giriş sözü ilə açaraq XX əsrdə törədilən vəhşiliyin təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilən bir faciə olduğunu qeyd edib. 1990-cı ilin yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin müdhiş gecədə həlak olan Vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdıqlarını bir daha tələbələrin diqqətinə çatdırıb. E.Quluyev bildirib ki, xalqını həmin ağır günlərdə tək qoymayan Ümummilli Lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etdi. 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

 

Kollecin Qeydiyyat,qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, müəllim Esmira Şıxməmmədova geniş məruzələrlə çıxış edərək bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi kimi yazılmış həmin gündən 30 il ötməsinə baxmayaraq Vətən fədailərinin xalqımızın qəlbində əbədi yaşadıqlarını bildiriblər. Xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmış o tarixi günün heç vaxt unudulmadığını vurğulayıblar.

Daha sonra kollecin Mühasibat uçotu ixtisasının III kurs tələbəsi Səadət Nuruşova, Aqronomluq ixtisasının I kurs tələbəsi Bayram Məmmədli 20 Yanvar faciəsinə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.


 

GOYEZEN.AZ



Facebook-da paylaş