• Təqvim

  • Maraq



Qazaxda 20 Yanvar faciəsinin otuzuncu ildönümü silsilə tədbirlərlə qeyd olunur


Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz il ötür. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin otuzuncu ildönümü silsilə tədbirlərlə qeyd edilir.

Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla yanaşı, Təhsil şöbəsi tərəfindən də silsilə anım tədbirləri təşkil olunur. Belə ki, "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə müvafiq olaraq Rayon Təhsil şöbəsinin Tədbirlər Planı hazırlanıb.

Tədbirlər Planına əsasən 7-19 yanvar 2020-ci il tarixlərdə ümumtəhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan xüsusi toplantıların, 17 yanvar 2020-ci il tarixdə xüsusi dərsin keçirilməsi, konfransların, seminarların, mühazirələrin və dəyirmi masaların, kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkil edilməsi, şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanlarına təhsil işçilərinin, şagirdlərin ziyarətinin təşkil olunması nəzərdə tutulub.

Bu gün növbəti anım tədbiri F.Şamoyev adına şəhər 4 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Tədbirdə Rayon Təhsil şöbəsinin işçiləri, məktəb rəhbərləri, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində, məktəbin yaxınlığında yerləşən Şəhidlər xiyabanını ziyarət edib, memorial önünə tər qərənfillər düzüblər. 20 Yanvar şəhidlərinin, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anıblar.







Rayon Təhsil şöbəsinin müdir müavini Əziz Məmmədov tədbiri giriş sözü ilə açaraq 20 Yanvarın tariximizə həm kədərli, həm də şərəfli gün kimi yazıldığını qeyd edib. Bildirib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. 

Sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Rayon Təhsil şöbəsində tarix və coğrafiya fənləri üzrə metodist Süsən Alməmmədova çıxış edərək 20 Yanvar faciəsinin müstəqilliyimizin əldə edilməsində dönüş nöqtəsi olması, yanvar şəhidlərinin iradəsi, qətiyyəti və əzmkarlığı ilə canları bahasına olsa belə böyük fədakarlıq göstərərək, ölümün üzünə dik baxaraq qəhrəman kimi şəhid olduqlarını bir daha məktəblilərin diqqətinə çatdırıb. Yeniyetmə və gənclərimizin Azərbaycan xalqının dilinə, tarixinə, mədəniyyətinə və ədəbiyyatına məhəbbət ruhunda tərbiyə olunmasını hər bir təhsil işçisinin qarşısında duran əhəmiyyətli bir vəzifə kimi vurğulayıb. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində görülən işlərdə hər birimizin səfərbər olmalı olduğumuzu qeyd edib. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində başlıca amillərdən birinin isə xalqımızın azadlığı uğrunda canından keçən igid oğul və qızlarımızın keçdikləri döyüş yollarını nümunə göstərmək olduğunu bildirib.

Daha sonra söz məktəblilərə verilib. S.Əfəndiyev adına şəhər 1, İ.Qayıbov adına şəhər 3, F.Şamoyev adına şəhər 4 nömrəli tam, Q.Hacımahmudova adına şəhər və Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəblərin və M.Hüseyn adına məktəb-liseyin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyib, bədii kompozisiyalar nümayiş etdiriblər.






GOYEZEN.AZ



Facebook-da paylaş