Azərbaycan tarixinə qürur və
şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz
il ötür. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20
Yanvar faciəsinin otuzuncu ildönümü silsilə tədbirlərlə qeyd edilir.
Rayonda fəaliyyət göstərən idarə,
müəssisə və təşkilatlarla yanaşı, Təhsil şöbəsi tərəfindən də silsilə anım tədbirləri
təşkil olunur. Belə ki, "20 Yanvar faciəsinin
otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası təhsil
nazirinin əmrinə müvafiq olaraq Rayon Təhsil şöbəsinin Tədbirlər Planı hazırlanıb.
Tədbirlər Planına əsasən 7-19 yanvar 2020-ci il
tarixlərdə ümumtəhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə
həsr olunan xüsusi toplantıların, 17 yanvar 2020-ci il tarixdə xüsusi dərsin
keçirilməsi, konfransların, seminarların, mühazirələrin və dəyirmi masaların,
kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkil edilməsi, şəhidlərin
xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanlarına təhsil işçilərinin,
şagirdlərin ziyarətinin təşkil olunması nəzərdə tutulub.
Bu gün növbəti anım tədbiri F.Şamoyev adına şəhər 4
nömrəli tam orta məktəbin akt zalında keçirilib. Tədbirdə Rayon Təhsil şöbəsinin
işçiləri, məktəb rəhbərləri, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və
şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində, məktəbin
yaxınlığında yerləşən Şəhidlər xiyabanını ziyarət edib, memorial önünə tər qərənfillər
düzüblər. 20 Yanvar şəhidlərinin, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin
xatirəsini dərin ehtiramla anıblar.
Rayon Təhsil
şöbəsinin müdir müavini Əziz Məmmədov tədbiri giriş sözü ilə açaraq 20 Yanvarın tariximizə həm kədərli, həm də şərəfli
gün kimi yazıldığını qeyd edib. Bildirib ki, 1990-cı ilin yanvar qırğını nə qədər
faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini
qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın
tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol
açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi
xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Sonra 20
Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon
Təhsil şöbəsində tarix və coğrafiya
fənləri üzrə metodist Süsən Alməmmədova çıxış edərək 20 Yanvar faciəsinin
müstəqilliyimizin əldə edilməsində dönüş nöqtəsi olması, yanvar şəhidlərinin
iradəsi, qətiyyəti və əzmkarlığı ilə canları bahasına olsa belə böyük
fədakarlıq göstərərək, ölümün üzünə dik baxaraq qəhrəman kimi şəhid olduqlarını
bir daha məktəblilərin diqqətinə çatdırıb. Yeniyetmə və gənclərimizin
Azərbaycan xalqının dilinə, tarixinə, mədəniyyətinə və ədəbiyyatına məhəbbət
ruhunda tərbiyə olunmasını hər bir təhsil işçisinin qarşısında duran
əhəmiyyətli bir vəzifə kimi vurğulayıb. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq
hisslərinin daha da gücləndirilməsi sahəsində görülən işlərdə hər birimizin səfərbər
olmalı olduğumuzu qeyd edib. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə
edilməsində başlıca amillərdən birinin isə xalqımızın azadlığı uğrunda canından
keçən igid oğul və qızlarımızın keçdikləri döyüş yollarını nümunə göstərmək
olduğunu bildirib.
Daha
sonra söz məktəblilərə verilib. S.Əfəndiyev adına şəhər 1, İ.Qayıbov adına
şəhər 3, F.Şamoyev adına şəhər 4 nömrəli tam, Q.Hacımahmudova adına şəhər və
Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəblərin və M.Hüseyn adına
məktəb-liseyin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyib,
bədii kompozisiyalar nümayiş etdiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|