• Təqvim

  • Unutma

  • Maraq



COVID-19 əleyhinə vaksinasiya prosesi Qazaxda uğurla davam etdirilir


Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində görülən işlər, həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən həyata keçirilən işlərdə hər zaman ölkə vətəndaşlarının sağlamlığı əsas götürülür. Bu, hər birimiz üçün nümunə olmalıdır. Ən əsası da edilən tələb və tövsiyələrə əməl etmək, ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərinə dəstək olmaq hər kəsin üzərinə düşən vəzifədir.

Dünyanı cənginə alan koronavirus infeksiyası ilə ən güclü mübarizə üsulu vaksinasiyadır ki, bu sahədə görülən işlər də təqdirəlayiqdir. Ölkəmiz koronavirus əleyhinə peyvəndləmə prosesinə ilk başlayan dövlətlərdəndir.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qazax rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır.

 

Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə vaksinasiya prosesi həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Qazax rayonu üzrə vətəndaşlara 159 min 679 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 60 min 569, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 58 min 456 nəfərdir. 

Hazırda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə peyvəndin gücləndirici dozası olan 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Bu gün Qazaxda da vətəndaşlara buster dozanın vurulması prosesi aparılır ki, bu günə kimi buster doza üzrə peyvənd olunanların sayı 40 min 654 nəfərdir.

Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etmək isə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın yeganə yolu peyvənd olunmaqdır.





 

GOYEZEN.AZ



Facebook-da paylaş