Özümüzü və yaxınlarımızı qorumaq üçün peyvənd olunaq!
Ölkə Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və
tapşırıqlarına uyğun olaraq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına
qarşı həyata keçirilən mübarizə tədbirləri bu gün də davam etdirilir. Bütün
dünyanı cənginə alan koronavirus infeksiyası ilə ən güclü mübarizə üsulu isə
vaksinasiyadır. Məhz bu səbəbdən ölkəmiz koronavirus əleyhinə peyvəndləmə
prosesinə ilk başlayan dövlətlərdən biri kimi "Azərbaycan Respublikasında
COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na
uyğun olaraq vaksinasiya
prosesini uğurla həyata keçirir.
Koronavirus
pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə aparılan vaksinasiya tədbirləri
çərçivəsində Qazaxda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması
prosesi davam edir. Son günlər
koronavirus infeksiyasına yoluxmaların sayında artım müşahidə olunduğundan rayonda
infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən
tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də gücləndirilib.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata
keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət
mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən
rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar
şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə
bugünədək 154 min 652 doza vaksin
vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 60 min 277, ikinci
mərhələ üzrə peyvənd olunanların sayı isə 57 min 624 nəfərdir.
Hazırda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə
peyvəndin gücləndirici dozası olan 3‑cü peyvənd dozası – buster dozası təklif
olunur. Bu gün Qazaxda da vətəndaşlara buster dozanın vurulması prosesi
aparılır ki, bu günə kimi buster doza üzrə peyvənd olunanların sayı 36
min 751 nəfərdir.
Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi
işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına
ciddi şəkildə əməl etmək isə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.
Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın əsas yolu peyvənddir.
GOYEZEN.AZ
Facebook-da paylaş