Qazaxda icra başçısı COVID-19 əleyhinə ikinci dəfə peyvənd olunub
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla həyata keçirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Hazırda rayonda yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Mərkəzi Xəstəxanasına gələrək COVID-19 əleyhinə ikinci dəfə peyvənd olunub, rayon rəhbərinə ikinci doza vaksin vurulub.
Vaksinasiyadan sonra gözləmə otağında gözləyən vətəndaşlarla səmimi söhbət edən icra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin kökündə onların sağlamlığının dayandığını bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edib və ümumrayon işində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. İcra başçısı pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərinə, ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirib. Hər kəsə üzərinə düşən işin məsuliyyətini dərk etməyi tövsiyə edib.
Məlumat üçün bildirək ki, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Onu da qeyd edək ki, bu günədək Qazax rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 14056 doza vaksin vurulub. Bundan 1211 nəfərdə isə koronavirus infeksiyasına qarşı ikinci doza peyvəndləmə aparılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş