• Təqvim

  • Maraq



Qazaxda tibb işçilərinin vaksinasiya prosesi uğurla həyata keçirilir


Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Qazaxda da əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. 

Hazırda rayonda vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçiləri peyvənd olunur.

Rayonda 1464 nəfər tibb işçisi çalışır ki, artıq 782 tibb işçisinə peyvəndin birinci dozası vurulub. Bundan əlavə, rayonda 31 nəfər dializ xəstəsi kimi qeydiyyatdadır ki, onlardan 22 nəfəri peyvənd olunub. Ümumilikdə, bu günə kimi 811 nəfər COVID-19-a qarşı vaksinasiya edilib.

Məlumat üçün bildirək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1 qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.



 

GOYEZEN.AZ



Facebook-da paylaş