Qazaxda 470 nəfər qızılca xəstəliyinə qarşı peyvənd olunub
Xəbər verdiyimiz kimi, ötən il Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması nəticəsində Azərbaycanda da gətirilmə hadisələrlə əlaqəsi olan xəstəlik halları qeydə alınmışdır. Ölkəmizdə qızılca xəstəliyinin profilaktikası sahəsində tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirinin "Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” 27 fevral 2019-cu il tarixli, 10 saylı Əmrinə əsasən 2019-cu ilin mart və aprel aylarında Qazax rayonunda 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri həyata keçirilməkdədir. Belə ki, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 2 mart 2019-cu il tarixli, 16 saylı Əmri ilə rayonda 20-40 yaşında əhali arasında peyvənd işlərini aparmaq üçün 3 briqada yaradılmışdır. Peyvəndlərin aparılması üçün ayrılmış otaqlar şok əleyhinə dərman vasitələri və metodiki təlimatlarla təmin olunmuşdur. Əhalinin qızılca və məxmərək əleyhinə peyvənd olunması üçün rayon üzrə 744 doza peyvənd poliklinika və kənd həkim məntəqələrinə paylanılmışdır.
Məlumat üçün qeyd edək ki, mart ayı üzrə 20-40 yaş arası 470 nəfər qızılca xəstəliyinə qarşı peyvənd olunmuşdur. Bundan əlavə, vətəndaşlar poliklinika şöbəsi və kənd həkim məntəqələrində tətbiq edilən peyvəndləməyə cəlb edilirlər. Peyvəndləmə may ayına qədər davam etdirilicək.
GOYEZEN.AZ
Facebook-da paylaş