Əsas Səhifə > Səhiyyə > Özümüzü və yaxınlarımızı qorumaq üçün peyvənd olunaq!

Özümüzü və yaxınlarımızı qorumaq üçün peyvənd olunaq!


27-12-2021, 15:24


Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri bu gün də davam etdirilir. Bütün dünyanı cənginə alan koronavirus infeksiyası ilə ən güclü mübarizə üsulu isə vaksinasiyadır. Məhz bu səbəbdən ölkəmiz koronavirus əleyhinə peyvəndləmə prosesinə ilk başlayan dövlətlərdən biri kimi "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesini uğurla həyata keçirir.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə aparılan vaksinasiya tədbirləri çərçivəsində Qazaxda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Son günlər koronavirus infeksiyasına yoluxmaların sayında artım müşahidə olunduğundan rayonda infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də gücləndirilib.

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 154 min 652 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 60 min 277, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 57 min 624 nəfərdir. 

Hazırda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə peyvəndin gücləndirici dozası olan 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Bu gün Qazaxda da vətəndaşlara buster dozanın vurulması prosesi aparılır ki, bu günə kimi buster doza üzrə peyvənd olunanların sayı 36 min 751 nəfərdir.

Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etmək isə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın əsas yolu peyvənddir.




 

GOYEZEN.AZ


Geri qayıt