• Təqvim

  • Maraq



Şəhidlik uca və müqəddəs zirvədir

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”. Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın bizlərə miras qoyduqları ən dəyərli yadigardır. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğulları qanları hesabına olsa da Vətənimizi göz bəbəyi kimi qoruyaraq bizlərə ötürmüşdür. O Vətən ki, hər qarışı bizim üçün ən qiymətli sərvətdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğullarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gələcək nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən əsgər Akşin Nəsibovun, Kərim Əsgərovun, Elmar Hüseynovun, baş leytenant Sərdar İsmayılovun əziz xatirəsini ehtiramla yad edirik. 

Əsgər Nəsibov Akşin Vasif oğlu


Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib. 

Əsgərov Kərim Qinyaz oğlu


Əsgərov Kərim Qinyaz oğlu 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə Ismayil Şıxlı adına Kosalar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1988-90-cı illərdə sovet ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi. 

Hüseynov Elmar Nazim oğlu


Hüseynov Elmar Nazim oğlu 14 mart 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. E.Hüseynov 1983-1985-ci illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 1988-1993-cü illərdə Bakıda DİN-in sənaye kombinatında çalışmış və həmin kombinatın nəzdində olan texnikumda təhsilini davam etdirmişdir. Hüseynov Elmar Nazim oğlu 1993-cü ildə Milli Ordu sıralarına daxil olmuş, “N” saylı hərbi hissənin tərkibində tank taborunda xidmətə başlamışdır. 15 dekabr 1993-cü ildə Beyləqan rayonu istiqamətində atəş başlayır və Elmar Hüseynov öz tankı ilə düşmənin bir neçə atəş nöqtəsini susdurmağa nail olur. Lakin bu döyüş onun son döyüşü olur. O, torpaqların müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalır. Elmar Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Qazax rayon Mərkəzi Kitabxanasına Elmar Hüseynovun adı verilmişdir. 

Baş leytenant İsmayılov Sərdar İsgəndər oğlu


İsmayılov Sərdar İsgəndər oğlu 15 mart 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Ç.İldırım adına Politexnik İnstitutuna daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirərək Kemerovo vilayətinə göndərilmiş, orada zavodlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayan zaman Sərdar İsmayılov Vətənə dönmüş, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İsmayılov Sərdar İsgəndər oğlu 23 fevral 1997-ci ildə şəhid olmuşdur. Baş leytenant rütbəsində idi. Subay idi.



Facebook-da paylaş