Şəhidlik ən uca və müqəddəs zirvədir
Şəhidlərimizi
tanıyaq və tanıdaq---------------------------- "Torpaq, əgər
uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın
yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu
sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli
torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu
torpağın yetirdiyi igid oğulları qanları hesabına olsa belə Vətənimizi göz-bəbəyi
kimi qoruyaraq bizlərə ötürmüşdür. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər
qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən
igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən
sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir.
Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən
ümdə işi olmalıdır. Şəhidlərimizin
keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək
göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış
olarıq. "Torpaq, uğrunda
ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu
gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli,
Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs
məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli
əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Ayaz Mehtiyevin, Rövşən Pənahovun, Vasif Haqverdiyevin,Məhəmməd Məmmədovun,
Əmrah Vəliyevin Mərfət, Nəsibovun, Teymur Hacıyevin, Nizami Yusifovun, Tahir İsmayılovun, Nəsimi Hüseynovun, Natiq
Qənbərovun, Hacı Dəryahquluyevin əziz xatirəsini yad edirik. Mehtiyev Ayaz Oruc oğlu Mehtiyev Ayaz Oruc
oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22
mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni
işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur.
1992-ci ildə şəhid statusu verilmişdir. Pənahov Rövşən Fərman oğlu Pənahov Rövşən Fərman oğlu 3
fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.
1982-1993-cü illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəbdə təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Aşağı
Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Haqverdiyev
Vasif Mirzə oğlu Haqverdiyev
Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da
Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Ş.Cəbiyev
adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1988-ci
ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə
mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə
itkin düşmüşdür. Məmmədov Məhəmməd Zakir oğlu Şəhid
leytenant Məmmədov Məhəmməd Zakir oğlu 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan
olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta
məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini
bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının
Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd
elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr
ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında
zabit kimi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin tağım komandiri olan leytenant
Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən
döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. İkinci
Qarabağ müharibəsində şəhid olan Məhəmməd Məmmədov 07.10.2020-ci il tarixdə
doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Şəhid
leytenantımız Məhəmməd Məmmədov cənab Prezident İlham Əliyevin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları
ilə təltif olunmuşdur. Vəliyev Əmrah İsgəndər oğlu Vəliyev
Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinfinə
daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev
Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun
gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. Nəsibov Mərfət Əhməd oğlu Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax
rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin
1-ci sinfinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini
bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə
sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır.
Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və
könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov
ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq
nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc
idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur
bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax
rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid
oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna
"Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayonunun
Məzəm kəndində dəfn olunmuşdur. Qazax
rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Milli Qəhrəmanımızın adını
əbədiləşdirən həmin bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə
salınmışdır. Qazax şəhərindəki küçələrdən biri Mərfət Nəsibovun adını daşıyır. 2013-cü ildə Mərfət Nəsibovla yanaşı digər iki
Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs
edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Həmçinin
2015-ci ildə üç igidin — Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov
haqqında "Ölümə qənşər” adlı sənədli-bədii film çəkilmişdir. Hacıyev Teymur Zaur oğlu Şəhid
baş gizir Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun
Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid
Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1–ci sinfinə daxil olmuş,
2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
"N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il AzərbaycanSilahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində
(TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır.
"N” saylı hərbi hissənin baş çavuşu baş gizir Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən
döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid
olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa
çatdığı Qazax rayonunun Yuxarı
Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və
Zaur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. Vətən
torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün
şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən
yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Yusifov Nizami Göyüş oğlu Yusifov
Nizami Göyüş oğlu 28 yanvar 1967–ci ildə Qazax rayonunun Canalı kəndində anadan
olmuşdur. 1974-cü ildə Canalı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş,
1984-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu
sıralarına çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı
kəndində Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. İsmayılov Tahir Niyazi oğlu Şəhid gizir
İsmayılov Tahir Niyazi oğlu 30
yanvar 1988-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-liseyin 1-ci sinfinədaxil olmuş, 2003-cü ildə həmin məktəb-liseyin 9-cu sinfini bitirmişdir.
2003-cü ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və 2006-cı ildə
həmin kolleci bitirmişdir. 2006-cı ildə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi
hərbi xidmətə çağırılmışdır. 2007-ci il tarixdə həqiqi hərbi xidməti
başa vurmuşdur. 31.01.2009-cu il tarixdən 11.04.2009-cu il tarixə qədər hərbi kursantlıq
oxumuş, 16.04.2009-cu il tarixdən 23.08.2012-ci il tarixə kimi "N” saylı hərbi
hissədə gizir olaraq xidmət etmişdir. 26.04.2014-cü il tarixdən yenidən hərbiyə
qayıdaraq xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin
müavini gizir Tahir İsmayılov 25.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. İkinci Qarabağ müharibəsində
şəhid olan gizir Tahir İsmayılov 26.10.2020-ci
il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn
edilmişdir. Ailəliydi. Niyazi və Uğur
adlı iki azyaşlı oğlan övladı
yadigar qalıb. Böyük oğlu Niyazi İsmayılov Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-liseyin III, kiçik oğlu Uğur İsmayıllı isə II sinif
şagirdidir. Bütün
şəhidlərimiz kimi gizir Tahir İsmayılovun da xatirəsi hər zaman əziz tutulur. Şəhid
gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək
qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən
"Cəbrayılın azad olunmasına görə” və 25 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Hüseynov Nəsimi Sarı oğlu Hüseynov
Nəsimi Sarı oğlu 28 mart 1975-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan
olmuşdur. 1982-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinfinə daxil
olmuşdur. 1987-ci ildə həmin məktəbin 5-ci sinfinə kimi oxumuş, sonra təhsilini
Saatlı rayonunun Cəfərxan qəsəbəsində davam etdirmişdir. 1993-cü ildə həmin məktəbin
11-ci sinfini bitirmişdir. 1993-cü ilin payız çağırışında Qazax Hərbi
Komissarlığından hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Ağdərə
rayonunun "Alobuz” yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Qənbərov Natiq Qənbər oğlu Qənbərov
Natiq Qənbər oğlu 4 mart 1975-ci ildə Qazax
rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd
tam orta məktəbində almışdır. Təhsilini 156 saylı Texniki Peşə Məktəbində davam
etdirmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və "N” saylı hərbi
hissədə xidmətə başlamışdır. Sonra xidmətini 702 saylı hərbi hissədə davam
etdirmişdir. 30 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürəhmanlı kəndində gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd sənətkarlıq evi şəhid
Natiq Qənbərovun adını daşıyır. Dəryahquluyev Hacı Həsən oğlu Dəryahquluyev
Hacı Həsən oğlu 1936-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.
Kəmərli kəndində yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 30 yanvar 1998-ci
ildə mal-qara otararkən ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid
olmuşdur. Ailəliydi. Beş övladı var.
Facebook-da paylaş