• Təqvim

  • Maraq



Vətən torpağını göz bəbəyi kimi qoruyub Şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızdam bizlərə yadigar qalan miras və böyük sərvətdir. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğullar canları, qanları bahasına Vətənimizi göz bəbəyi kimi qoruyaraq bizlərə ötürməyi hər zaman bacarıblar. O Vətən ki, hər qarışı bizim üçün əzizdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimiz olan şəhidlərimizə ehtiramla yanaşmaq hər birimizin müqəddəs borcudur. Çünkişəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Sahib Binnətovun, Babək Quluyevin, İslam Əliyevin, Cavid Omarovun, Baləgədə Hacıyevin, Faiq Əhmədovun, Sadıq Namazovun, Şərif Quluyevin, Vidadi Mustafayevin, Elxan Civişovun, Asif Qarayevin, Elman Musayevin əziz xatirəsini yad edirik. 

Binnətov Sahib Məşədi oğlu


Binnətov Sahib Məşədi oğlu 1 noyabr 1962-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1968-ci ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alaraq 10 illik tam orta məktəbi bitirmişdir. Binnətov Sahib Məşədi oğlu 26 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Quluyev Babək Eldar oğlu


Quluyev Babək Eldar oğlu 27 oktyabr 1973-cü ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax rayon Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə başlamışdır. Xidmət dövründə artileriya ilə düşmənin bir neçə texnikalarını sıradan çıxarmışdır. Quluyev Babək Eldar oğlu 10 dekabr 1993-cü ildə Quşçu Ayrım kəndinə düşmənin basqını zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Atası və anası hazırda Qazax şəhərində yaşayırlar.

Əliyev İslam Məmməd oğlu


Əliyev İslam Məmməd oğlu 1936-cı ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. İbtidai təhsil almışdır. Kolxoz və sovxozda çalışmışdır. 27 oktyabr 1999-cu ildə Məzəm kəndi ərazisində qoyun otararkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 3 övladı var.

Omarov Cavid Hüseynəli oğlu


Omarov Cavid Hüseynəli oğlu 27 oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Şəhid Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Qazax zonasında xidmət etmişdir. 18 dekabr 1993-cü ildə şəhid olmuşdur. Evli olub. 2 övladı var.

Hacıyev Baləgədə Həsən oğlu


Hacıyev Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1958-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1959-62-ci illərdə Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində işləmişdir. 27 oktyabr 1991-ci ildə şəhid olmuşdur.

Əhmədov Faiq Nazim oğlu


Əhmədov Faiq Nazim oğlu 28 oktyabr 1969–cu ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1975-ci ildə Xanlıqlar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1985-1989-cu illərdə M.Qorki adına SSRİ Ali Hərbi Məktəbini bitirmişdir. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit kimi fəaliyyətə başlamışdır. 17 avqust 1993-cü ildə Qazax rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Evli idi. 2 qız övladı var. Ailəsi dövlət tərəfindən evlə təmin olunmuşdur.

Namazov Sadıq Fərrux oğlu


Namazov Sadıq Fərrux oğlu 28 oktyabr 1963-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Çaylı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 1991-1993-cü illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Namazov Sadıq Fərrux oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Quluyev Şərif Novruz oğlu


Quluyev Şərif Novruz oğlu 29 oktyabr 1963-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin üçüncü sinfini bitirmişdir. 1974-cü ildə Barxudarlı kənd əsas məktəbin dördüncü sinifinə daxil olmuş, 1979-cu ildə Barxudarlı kənd əsas məktəbin səkkizinci sinfini bitirmişdir. 1979-cu ildə Qazax rayon Texniki Peşə liseyinə daxil olmuş, 1982-ci ildə həmin liseyi bitirmişdir. 1982-1984-cü illərdə SSRİ silahlı qüvvələrində Xabarovsk vilayətində xidmət etmişdir. Qazax rayon Suvarma Sistemləri İdarəsində anbardar işləmişdir. 5 iyun 1992-ci ildə traktorla evinə gedərkən Qazax-Bala Cəfərli yolunda minaya düşmüşdür.

Mustafayev Vidadi Məhəmməd oğlu


Mustafayev Vidadi Məhəmməd oğlu 12 noyabr 1964-cü ildə Qazax rayonunun Xeyrımlı kəndində anadan olmuşdur. 1971-ci ildə Xeyrımlı kənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin onuncu sinfini bitirmişdir. Xeyrımlı kəndinin müdafiəsində iştirak etmişdir. 30 oktyabr 1992-ci ildə şəhid olmuşdur.

Civişov Elxan Mehdi oğlu


Civişov Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Qarayev Asif Safaləddin oğlu


Qarayev Asif Safaləddin oğlu 1 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. 1991-ci ildə Ali Hərbi məktəbə qəbul olmuşdur. Ali Hərbi məktəbin 3-cü kursundan ordu sıralarına getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 16 aprel 1993-cü ildə Ağstafa rayonunun Tatlı kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur. Subay idi.

Musayev Elman İmran oğlu


Musayev Elman İmran oğlu 24 yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş, 1981-сi ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində, Almaniya Federatif Respublikasında hərbi xidmətdə olmuşdur. "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.



Facebook-da paylaş