Şəhidlik uca və müqəddəs zirvədir
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğulları qanları hesabına olsa da Vətənimizi göz-bəbəyi kimi qoruyaraq bizlərə ötürmüşdür. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğullarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən gizir Elvin Orucovun, əsgər Sakit Allahverdiyevin, çavuş Fərman Yolçuyevin, baş gizir Arif Kazımovun, Seymur Əliyevin, Havaxanım Əsgərovanın, Rizvan Məmmədovun, Vilayət Əzizovun əziz xatirəsini ehtiramla yad edirik.
Gizir Orucov Elvin Rövşən oğlu
Vətən müharibəsi şəhidi Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin 1-ci sinifinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixindən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır. Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları ilə təltif olunub.
Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşaraq Fəxri Fərmanla təltif olunmuşdur.
Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci ildə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalıb.
Bütün şəhidlərimiz kimi Elvin Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Şəhərin Əliağa Şıxlinski küçəsində qəhrəman şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunub.
Əsgər Allahverdiyev Sakit Şahin oğlu
Vətən müharibəsi şəhidi Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş “N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə adını əbədiləşdirən bulaq inşa olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.
Çavuş Yolçuyev Fərman Sabit oğlu
Yolçuyev Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1976-cı ildə şəhid İslam Nəsibov adına Aşağı Əskipara kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Polis əməkdaşı çavuş Yolçuyev Fərman Sabit oğlu 11 may 1992-ci ildə şəhid olmuşdur.
Baş gizir Kazımov Arif Nəbi oğlu
Kazımov Arif Nəbi oğlu 21 dekabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildən 1985-ci ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra elə sovet ordusu sıralarında qalaraq gizir rütbəsində hərbçi kimi işləmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən xaricdən gələrək Azərbaycan Ordusunda könüllü olaraq xidmət etməyə başlamışdır. 1997-ci il aprel ayının 19-da Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Arif Kazımov 20 apreldə doğulduğu Yuxarı Salahlıda yaylım atəşi altında dəfn olunmuşdur. Kazımov Arif Nəbi oğlu ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı (№ 873) ilə təltif olunmuşdur. Bir qızı və adını qoyduqları bir oğlu var.
Əliyev Seymur Rövşən oğlu
Əliyev Seymur Rövşən oğlu 22 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2005-2006-cı illərdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 15 avqust 2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Subay idi.
Əsgərova Havaxanım Dədəş qızı
Əsgərova Havaxanım Dədəş qızı 23 dekabr 1956-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Bağanıs Ayrım kənd ibtidai məktəbin 1-ci sinifinə getmişdir. 1974-cü ildə Aşağı Əskipara kənd orta məktəbin 10-cu sinifini bitirmişdir. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində azyaşlı uşağı ilə birlikdə yandırılmışdır.
Məmmədov Rizvan Zəkəriyyə oğlu
Məmmədov Rizvan Zəkəriyyə oğlu 24 dekabr 1977-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1984-cü ildə həmin kənddə orta məktəbin 1-ci sinifinə getmiş, 8-ci sinifi bitirdikdən sonra məktəbdən çıxmışdır. 1995-ci ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 mart 1999-cu ildə Füzuli döyüş bölgəsində şəhid olmuşdur. 7 mart 1999-cu ildə Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Əzizov Vilayət Abdulla oğlu
Əzizov Vilayət Abdulla oğlu 27 mart 1965-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə getmişdir. 24 dekabr 1994-cü ildə Qazax rayonunun Qızıl Hacılı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Facebook-da paylaş