Vətən naminə canlarını fəda edənlər heç zaman unudulmur
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətən naminə, torpaqlarımızın ərazi bütövlüyü yolunda canlarını fəda edən, öz qanları ilə adlarını hərb tariximizə yazdıran, Şəhidlik adlı uca zirvəyə yüksələn şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. İgid Vətən oğullarının keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək isə hər birimizin ən müqəddəs borcu olmalıdır.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəmanı Mərfət Nəsibovun, Məhəmməd leytenant Məmmədovun, Əmrah Vəliyevin, bBaş gizir Teymur Hacıyevin, kiçik çavuş Alıxan Qaragözovun, Nizami Yusifovun, gizir Tahir İsmayılovun, Hacı Dəryahquluyevin, Nəsimi Hüseynovun, Natiq Qənbərovun, Vüqar Nəbiyevin əziz xatirəsini ehtiramla yad edirik.
Milli Qəhrəmanı Nəsibov Mərfət Əhməd oğlu
Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.
Qazax rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Milli Qəhrəmanımızın adını əbədiləşdirən həmin bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri Mərfət Nəsibovun adını daşıyır.
2013-cü ildə Mərfət Nəsibovla yanaşı digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Həmçinin 2015-ci ildə üç igidin - Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "Ölümə qənşər” adlı sənədli-bədii film çəkilmişdir.
Leytenant Məmmədov Məhəmməd Zakir oğlu
Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidimizin doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. Yaşadığı evin önündə barelyefi vurulub.
Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə vaxtilə təhsil aldığı BDU-nun Qazax filialında xatirəsini əbədiləşdirən guşə yaradılıb. Filial rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayılın müəllifl olduğu şəhidin şeirlərinin toplandığı “Adını tarixə yazdı” adlı kitab yazılıb.
Vəliyev Əmrah İsgəndər oğlu
Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Baş gizir Hacıyev Teymur Zaur oğlu
Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir.
Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir Teymur Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır".
Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalı almışdır.
“N” saylı hərbi hissənin baş giziri Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğlu yadigar qalıb.
Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
(MAHHXHQ) kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu
Şəhid kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 25 fevral 1989-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1996-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub medallar da almışdı. Məktəbi bitirdikdən sonra 03.07.2007-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini “212” saylı hərbi hissədə davam etdirmişdir. 01.01.2009-cu ildə ordudan tərxis olunmuşdur. Həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başlamışdır. Hərbi sahəni özü seçdiyi üçün Alıxan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur.
Yanvarın 21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmişdir. 29.01.2021-ci il tarixdə doğulduğu Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Bir qız övladı yadigar qalıb.
Şəhidin doğulub boya-başa çatdığı kənddə yaşadığı küçənin girişində adını əbədiləşdirən bulaq inşa olunmuşdur.
Yusifov Nizami Göyüş oğlu
Yusifov Nizami Göyüş oğlu 28 yanvar 1967-ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1974-cü ildə Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur.
Gizir İsmayılov Tahir Niyazi oğlu
Şəhid Tahir İsmayılov 30 yanvar 1988-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəb-liseyin 9-cu sinifini bitirmişdir. 2003-cü ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və 2006-cı ildə həmin kolleci bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2007-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. 31.01.2009-cu il tarixdən 11.04.2009-cu il tarixə qədər Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) hərbi kursantlıq kursunda hərbi kursantlıq oxumuş, 16.04.2009-cu il tarixdən 23.08.2012-ci il tarixə kimi "N” saylı hərbi hissədə gizir olaraq xidmət etmişdir. 26.04.2014-cü il tarixdən yenidən hərbiyə qayıdaraq xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov 25.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Qubadlının azad olunması uğrunda gedən döyüşdə isə şəhid olmuşdur. Şəhid gizir Tahir İsmayılov 26.10.2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Niyazi və Uğur adlı iki azyaşlı oğlan övladı yadigar qalıb.
Xidməti dövrü öz nizam-intizamı, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqlənmiş, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini 2018-ci ildə təltif olunduğu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları bəzəyirdi.
Bütün şəhidlərimiz kimi gizir Tahir İsmayılovun da xatirəsi hər zaman əziz tutulur. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.
Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, gizir Əhmədov Elvin Qələndər oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.
Dəryahquluyev Hacı Həsən oğlu
Dəryahquluyev Hacı Həsən oğlu 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Kəmərli kəndində yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 30 yanvar 1998-ci ildə mal-qara otararkən ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəliydi. Beş övladı var.
Hüseynov Nəsimi Sarı oğlu
Hüseynov Nəsimi Sarı oğlu 28 mart 1975-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1982-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbin 5-ci sinifinə kimi oxumuş, sonra təhsilini Saatlı rayonunun Cəfərxan qəsəbəsində davam etdirmişdir. 1993-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1993-cü ilin payız çağırışında Qazax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun “Alobuz” yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
Qənbərov Natiq Qənbər oğlu
Qənbərov Natiq Qənbər oğlu 4 mart 1975-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 156 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, “N” saylı hərbi hissədə xidmətə başlamışdır. Sonra xidmətini 702 saylı hərbi hissədə davam etdirmişdir. 30 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürəhmanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd sənətkarlıq evi şəhid Natiq Qənbərovun adını daşıyır.
Nəbiyev Vüqar Müzəffər oğlu
Nəbiyev Vüqar Müzəffər oğlu 1 avqust 1967-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuşdur. 1974-cü ildə yaşadığı kənddə 1-ci sinifə daxil olmuşdur. 1984-cü ildə həmin orta məktəbi bitirmişdir. 1985-1987-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gələrək ailə həyatı qurmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduda xidmət etməyə başlamışdır. 2 fevral 1993-cü ildə döyüş zamanı itkin düşmüşdür. 2006-cı ildə Qazax rayon Məhkəməsinin qərarı ilə şəhid statusu almışdır. Ailəlidir və bir oğlu var.
Facebook-da paylaş