Qazaxlı şəhid ailələrinin üzvləri Milli Qəhrəman Mübariz İbrahimovun atasının vəfatı ilə bağlı ailəsinə başsağlığı veriblər
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlər bizim həm niskilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər isə ölmürlər, aylar, illər, fəsillər keçdikcə onların göstərdikləri rəşadət dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Əbədilik qazanan şəhidlərimizin keçdiyi ömür yolu, qəhrəmanlıqları, Vətənə olan sevgiləri illər ötsə belə dillər dastanı olacaq. Çünki müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan bütün igidlərimizin keçdikləri döyüş yolu davamçıları üçün bir örnəkdir. Belə şərəfli ömür sahiblərini xatırlamaq, daim yad etmək, onların qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir.
Vətən övladlarından biri də Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovdur.
Milli Qəhrəman Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş, həmin il həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirmişdir. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdur. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlamışdır. Bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirmişdir.
M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçəsini isə yaralamışdır. Milli Qəhrəman bu amansız döyüşdə şəhid olmuşdur. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Prezident İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalamışdır.
Biləsuvar rayonunda orta məktəbə və küçəyə, “Palmali” Şirkətlər Qrupuna məxsus tankerlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilmişdir.
16 oktyabr 2024-cü il tarixdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat etmişdir. Mərhum Biləsuvar rayonunun Əliabad kənd qəbiristanlığında dəfn edilmişdir.
Oktyabrın 22-də Qazax rayonunun bir qrup şəhid ailəsi üzvləri, şəhid MAHHXHQ əsgər Oruc Qasımovun atası Afiq Qasımov, şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, şəhid baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, şəhid baş leytenant Yunis Kazımovun atası Qasım Kazımov və Qarabağ müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov Milli Qəhrəmanın atası Ağakərim İbrahimovum yas mərasimində iştirak edərək mərhumun ailə üzvlərinə başsağlığı veriblər.
Oktyabrın 22-də Qazax rayonunun bir qrup şəhid ailəsi üzvləri, şəhid MAHHXHQ əsgər Qasımov Oruc Afiq oğlunun atası Afiq Qasımov, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun atası Müqabil Məmmədov, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun atası Vaqif Nəsibov, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun atası Elxan Abdullayev, şəhid baş leytenant Kazımov Yunis Qasım oğlunun atası Qasım Kazımov və Qarabağ müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qazax rayon söbəsinin sədri Azər Məmmədov Milli Qəhrəmanın atası Ağakərim İbrahimovum yas mərasimində iştirak edərək mərhumun ailə üzvlərinə başsağlığı vermişlər.
Daha sonra şəhid ailəsinin üzvləri Milli Qəhrəmanın Biləsuvar rayonunun Əliabad kəndində yerləşən ata evində inşa edilmiş ev-muzeyini ziyarət ediblər.
Facebook-da paylaş