Qəhrəmanlığı ilə adını tarixə yazan Vətən müharibəsi şəhidi leytenant Elmar Bayramlının bu gün ildönümüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------
Vətən müharibəsi!. O müharibə ki, 2020-ci ilin 27 sentyabrında başladı, 10 noyabrda isə böyük Qələbə ilə başa çatdı və hərb tariximizin zəfər salnaməsinə çevrildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu, o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olundu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edərək 22 yaşında adını Şəhidlik adlı uca zirvəyə yazdıran Vətən oğullarından biri də leytenant Bayramlı Elmar İsa oğludur. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidimizin yoxluğundan artıq 4 il ötür. Sentyabrın 30-u döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Elmar Bayramlının anım günüdür. Bu gün igid Vətən oğlunun dördüncü ildönümüdür.
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Elmar Bayramlı da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Elmar kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Elmar tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır.
Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qürurverici olan odur ki, bu gün şəhidimizin adını yaşadan balaca Elmar böyüyür. Şəhidimizin hərbçi qardaşının oğul payı şəhid əmisinin adını yaşadır.
Facebook-da paylaş