Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi leytenant Elmar Bayramlının doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib
Vətən müharibəsi!. 2020-ci
ilin 27 sentyabrından başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb
tariximizin zəfər salnaməsi!. Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsinə son qoyan 44
günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu,
o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və
nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın
ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və
zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün
davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında
sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın
müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb
tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ
torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən
əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan
şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və
yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur
duymalı, onları tanımalı və tanıtmalıyıq. 44 günlük Vətən müharibəsində iştirak edən və Şəhidlik adlı uca zirvəyə yüksələn
Vətən oğullarından biri də şəhid leytenant Bayramlı Elmar İsa oğludur. Bu gün
yaşasaydı 23 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında
göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Elmar Bayramlının doğum gününü bu gün
təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs
qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını hər
zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov şəhid leytenantımızın doğum gününü unutmayıb. Ənənəsinə
sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Elmar Bayramlının cənnətdəki
ilk doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük
məsləhətçisi Məhəmməd Xəlilli, Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin
Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin
sədri Azər Məmmədov, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları,
vaxtilə təhsil aldığı Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru Mahmud Pənahov, sinif rəhbəri
Camal Qurbanov ilə birlikdə
şəhidimizin dəfn olunduğu Yuxarı Salahlı kənd qəbiristanlığında məzarını
ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin
ehtiramla anıb. Torpaq uğrunda canından keçən igid Vətən oğlunun ruhuna dua
oxunub, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində
qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfərdə payı olan Elmar kimi
qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük
savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı
Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu
qeyd edib. "Bu gün Elmarın yaxınları, əzizləri, onu
tanıyanlar doğum gününü onsuz qeyd etsə də, o, daim bizim qəlbimizdə yaşayır.
Elmar döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə bizim qəlbimizə və
yaddaşımıza yazıldı. O qəhrəmanlıq ki, Ali Baş Komandan İlham Əliyev imzaladığı
Sərəncamlarla Elmarın igidliyini, şücaətini qiymətləndirdi. "Vətən
uğrunda”, "Laçının
azad olunmasına görə”, "Suqovuşanın
azad olunmasına görə” medalları ilə təltif etdi. 23 yaşında Şəhidlik zirvəsinə ucalan Elmar
qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Elmarın igidliyi,
qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnək olacaqdır”, -
deyən rayon rəhbəri Elmar tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə
hər zaman qürur duyulacağını bildirib. Şəhidlərimizin ildönümlərinin yaxınlaşdığını
qeyd edən icra başçısı ötən 1 ildə olduğu kimi bundan sonra da hər zaman şəhid
ailələrinə diqqət və qayğı göstəriləcəyini, onların daim dövlətin qayğısı ilə
əhatə olunacaqlarını vurğulayıb. İllər keçsə belə şəhidlərimizin və onların
ailələrinin unudulmayacağını qeyd edib. "Elmar kimi qəhrəmanlarımız qanları ilə
şanlı tarix yazdılar. Nə xoşbəxtik ki, bizlər həmin tarixin canlı şahidləri
olduq. Bizlər də çalışmalıyıq ki, həmin tarixi qoruyub saxlayaq, gələcək
nəsillərə çatdıraq”, - deyən rayon rəhbəri bu gün Elmarın doğum günündə ailəsi
ilə birlikdə olmağı özünə borc bildiyini söyləyib.
"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdiyi diqqət və qayğı, onların şəhid ailələri qarşısında baş
əyirəm söyləməsi hər bir dövlət məmuru, eləcə də hər kəs üçün örnəkdir”, -
deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz
həmin dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan
xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi
yaşayacağını diqqətə çatdırıb. Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin
adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin
baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən
yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin
şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan
biri kimi söyləyib. Hazırda şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən
müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin hazırlandığını, bundan əlavə,
şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa
olunduğunu qeyd edib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində
görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri
Xasay Balayev şəhidimizin
əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu
bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin
xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi
yaşayacaqlarını dilə gətirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də
həmin diqqət və qayğının davamı olduğunu qeyd edib. Vətən müharibəsi şəhidi
kapitan Rövşən Pənahovun atası, Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru Mahmud Pənahov çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Övladının,
eləcə də Elmar kimi minlərlə qəhrəman oğullarımızın dövlət, xalq, ölkəmizin
suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçdiklərini
vurğulayıb. Hər birimizin başını uca edən övladı Rövşən və Elmar kimi igid
oğullarımızla fəxr etdiyini, qürur duyduğunu bildirib. Şəhidimizin məktəb illərindən söhbət açan sinif
rəhbəri Camal Qurbanov şagirdi olmuş Elmar Bayramlı ilə qürur duyduğunu
bildirib. "Savadı, davranışı ilə seçilən şagirdlərdən olub Elmar. Hər zaman
fərqlənməyi, seçilməyi qarşısına məqsəd qoyardı. Bu gün Elmar Şəhidlik zirvəsinə
ucalmaqla nəinki seçildi, qəlblərdə, ürəklərdə daimi məskən saldı. Elə bir
zirvəni fəth etdi ki, illər ötsə belə ucaldığı zirvə ilə gələcək nəsillərə
örnək olacaq. Bu gün tarix yazan belə qəhrəman şagirdin müəllimi olduğum üçün
fəxr edirəm. Elmar tək mənim qəlbimdə deyil, bütün insanların, onu sevənlərin
qəlbində yaşayacaq”, - deyən Camal müəllim Elmar kimi qəhrəman oğullarımızın
döyüş meydanında göstərdikləri şücaəti gələcək nəsillərə çatdırmağı özünə borc
bildiyini qeyd edib. Şəhid atası İsa Bayramov hər zaman onlara göstərilən diqqət və qayğıya görə
şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını
bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Elmarın timsalında
bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi
qiymətləndirib. Şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman
fəxr edəcəyini söyləyib. Şəhid babası Əhməd Süleymanov da dövlətimiz tərəfindən şəhidlərimizin,
qazilərimizin ailələrinə göstərilən qayğıdan razılığını bildirib. Leytenant Bayramlı Elmar İsa oğlu
Leytenant
Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində
anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi
orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli
tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil
olmuş, 2020-ci
ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə
Nazirliyinin "N” saylı hərbi hissəsində "Tağım
komandiri” vəzifəsində xidmətə başlamışdır. Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər
rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına
şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax
rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur.
Subay idi.
Şəhid Elmar
Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına
əsasən "Laçının azad olunmasına
görə” və "Suqovuşanın azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş