Kapitan İmamverdi İsmayılovun əziz xatirəsini ehtiramla yad edirik
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
44 günlük müharibədə tarix yazan Azərbaycan! 2020-ci ilin 27 sentyabrında başlayan və Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz. Bu, o tarixi zəfərimizdir ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Bütün dünyaya səs salan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olundu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq.
İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də kapitan İsmayılov İmamverdi Yoloğlu oğludur. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidimizin yoxluğundan artıq 4 il ötür. Sentyabrın 29-u ölümündən sonra göstərdiyi igidliyə görə 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kapitan İmamverdi İsmayılovun anım günüdür. Bu gün igid Vətən oğlunun dördüncü ildönümüdür.
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, İmamverdi İsmayılov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var İmamverdi kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman İmamverdi tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Kapitan İmamverdi İsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində Müşviq qəsəbəsində “N” saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu.
Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov.
Kapitan rütbəsi daşıyan İmamverdi İsmayılov Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 29.09.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Emin və Elnur adlı adlı iki oğul övladı yadigar qalıb.
Bütün şəhidlərimiz kimi kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib.
Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub.
Facebook-da paylaş