Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan baş çavuş Ramin Hüseynovun bu gün cənnətdəki ilk doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi.
Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.
İyunun 1-i qəhrəman şəhidimiz – Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (MAHHXHQ) baş çavuşu Hüseynov Ramin Rövşən oğlunun cənnətdəki ilk doğum günüdür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş igid Vətən oğlunun yaşasaydı bu gün 37 yaşı tamam olacaqdı.
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Ramin Hüseynov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Ramin kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Ramin tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Şəhid Hüseynov Ramin Rövşən oğlu 1 iyun 1987-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2005-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə yola düşmüşdür. 2008-ci ildə hərbi xidməti başa vurmuşdur. 2012-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAHHXHQ işləyirdi. 19.09.2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 22.09.2023-cü il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 3 övladı yadigar qalıb.
Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən baş çavuş Hüseynov Ramin Rövşən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz baş çavuş Ramin Hüseynovun adı verilib.
Facebook-da paylaş